"Kimin komandaya daha hazırlıqlı olduğunu millinin baş məşqçisi Canni De Byazi bilir. Hərənin öz baxışı var. Mənim baxışıma görə, hardasa yaxşı və ya pis məqamlar mövcuddur. Hamının futbola öz baxışı var və özünə görə düzdür".
Bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev deyib. 55 yaşlı mütəxəssis kiminsə yığmaya çağırılıb-çağırılmamasını, kənarda qalmasını şərh etmək istəmədiyini bildirib.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov klubdakı heç bir futbolçunun Azərbaycan millisinə çağırılmamasına təəccübləndiyini söyləyib. O, Şahin Diniyevin oğlu Coşqun Diniyevin son oyunlarında yaxşı çıxış etdiyini vurğulayıb.
Şahin Diniyevin sözlərinə görə, klubların baş məşqçiləri öz futbolçuları uğrunda belə mübarizə aparırsa, bu, alqışalayiqdir: "Həqiqətən klubdakı baş məşqçi futbolçusunun milliyə getməsi üçün çalışırsa, bu, çox önəmlidir. Mən oyunçulara bir-bir nəzər yetirmək istəmirəm. Kiminsə digərindən güclü və ya zəif olduğunu da söyləməyəcəyəm. Hər şeyin tərəzi gözü var. Yəqin ki, kimlərsə bildiyini deyir və edir".
Təcübəli mütəxəssis oğlu Coşqun Diniyevin yığmadan kənarda qalmasına münasibət bildirmək istəmədiyini söyləyib: "Mənim bu mövzuda cavabım səmimi alınmayacaq. Hər bir insanın fikrinə hörmətlə yanaşıram. Bayaq da dedim ki, əgər klub məşqçisi futbolçusu üçün dava edirsə, bu, alqışalayiqdir. Bundan artıq cavab verə bilmərəm".
Qeyd edək ki, oktyabrın 9-da İrlandiyanı qəbul edəcək Azərbaycan millisi 3 gün sonra Serbiyanın qonağı olacaq.