Şahin Diniyev: "Portuqaliyaya qarşı başqa cür oynamaq mümkün deyildi"

Şahin Diniyev: "Portuqaliyaya qarşı başqa cür oynamaq mümkün deyildi" "Qətərlə qarşılaşmaya barmaqarası yanaşmaq düzgün deyil"
Futbol
27 Mart , 2021 11:32
Şahin Diniyev: Portuqaliyaya qarşı başqa cür oynamaq mümkün deyildi
Şahin Diniyev

"Portuqaliya ilə görüşdəki 0:1 hesabı normaldır. Hesabı kənara qoyaq. Bu rəqibə qarşı başqa cür oynamaq, topa nəzarət etmək mümkün deyil. Onların futbolçularının ustalıq səviyyəsi bizim oyunçulardan qat-qat üstündür".

Bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan yığmasının Portuqaliyaya uduzduğu DÇ-2022-nin seçmə oyunu barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis bildirib ki, rəqibin hücum futboluna üstünlük verəcəyi əvvəlcədən bəlli idi: "Onlar məcbur etdi ki, bizim komanda müdafiədən oynasın. Portuqaliya topu itirəndən sonra dərhal qazanmaq istəyirdi. Meydanın hər yerində güclü presssinq edirdilər və bizim futbolçuların hücum qurmaq ehtimalı olmurdu. Biz müdafiədə səhvsiz oynamaq istəyirdik, bu isə mümkün olmadı. Rəqib çoxlu qol epizodları yarada bilirdi. İndi deyə bilmərik ki, bu rəqibə qarşı hücum futbolu oynamalıydıq, hücum etməliydik, uduzmamalıydıq. Bu, reallıqdan uzaq fikirdir. Məncə, bugünkü duruma görə hesab normaldır. Qapıçı Şahruddin Məhəmmədəliyevin də oyununu qeyd etmək lazımdır. O, görüş ərzində 14 qurtarışla yadda qaldı və Avropa zonasında ən çox "seyv" edən qapıçı idi. Bu da onu göstərir ki, müdafiəçilərimiz daha etibarlı oynamalıdırlar".

Yığmanın sabiq baş məşqçisi buraxılan qol haqqında da danışıb: "Futbolda belə qanunlar var ki, qapıçı irəli çıxanda qışqırırsa, müdafiəçilər çəkilməlidir. Biz bilmirik ki, Şahruddin topa tərəf gedəndə qışqırıbmı. Onun səsi gəlirsə, səhv müdafiəçidədir. Səslə deyirsə, top mənimdir və ya başqa nəsə deyirsə, müdafiəçinin səhvidir. Qapıçı meydanı daha yaxşı görür. Müdafiəçiyə səslə işarə edən odur. Əgər qışqırıbsa, səhv müdafiəçidə, qışqırmayıbsa, özündədir".

Diniyev yığmanın hər iki hissədə fərqli çıxış etdiyini söyləyib: "Bizim necə oynayacağımız rəqibdən asılı idi. Matça diktə edən tərəf Portuqaliya idi. İkinci yarıda onların motivasiyası bir az düşmüşdü. Rəqib necə imkan verdisə, bizim futbolçular da elə oynadı. Meydandakı müdafiəçilərimizin sayı da çoxluq təşkil edirdi. Belə olan təqdirdə hücum qurmaq çətin olur. Əks-hücum yaratmaq üçün 3-4 futbolçu rəqib meydanında olmalıdır. Arxadan gələnlər də zəncirvari onlara bağlanmalı idi. 1-2 futbolçu ilə əks-hücum qurmaq olmaz. Hansısa futbolçu qaçırsa, onun arxasında, sağında və solunda futbolçu olmalıdır. Portuqaliya əks-hücumlara da imkan vermirdi. Topu itirən kimi pressinq edib qazanırdılar".

Mütəxəssis Qətər və Serbiya ilə görüşlərə də toxunub. Diniyev baş məşqçi Canni De Byazinin 30 futbolçuya dəvət göndərdiyini və hamısından 3 oyunda istifadə etmək istədiyini sözlərinə əlavə edib: "Birinci matçda 16 futbolçu meydanda oldu. Bizim futbolçular eyni səviyyədədir. Aralarında bir az fərq ola bilər və ikinci heyət anlayışı yoxdur. Portuqaliyaya qarşı daha çox müdafiəyə meyilli oynadıq. Top almaq qabiliyyəti çox olanlar meydana çıxdı. Topla oynayan və texnikalı oyunçulardan az istifadə edildi. Qətərlə görüşdə bir az balans yaratmalıyıq. Onlar da zəif rəqib deyil. Əslində yoldaşlıq görüşü olmasına baxmayaraq, yığmanın bütün oyunları vacibdir. Əgər milli bu qrupdan final mərhələsinə vəsiqə qazanmağı qarşısına məqsəd qoysaydı, onda başqa cür olardı. Hazırda elə məqsəd yoxdur. Ona görə hər oyuna ciddi yanaşmaq lazımdır. Serbiya və Qətərlə matçda oynamayan futbolçulara şans vermək olar. Qətərlə qarşılaşmaya barmaqarası yanaşmaq düzgün deyil".

Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb. Bu gün Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi