Şahin Diniyev "Kəpəz" - "Admira" matçını karyerasının ən önəmli oyunlarından biri adlandırıb

Şahin Diniyev "Kəpəz" - "Admira" matçını karyerasının ən önəmli oyunlarından biri adlandırıb "Hər hansı səhv və buraxılan bir qol hər şeyin sonu ola bilər
Futbol
19 İyul , 2016 18:05
Şahin Diniyev Kəpəz - Admira matçını karyerasının ən önəmli oyunlarından biri adlandırıb

Bakı. 19 iyul. REPORT.AZ/ "Çalışırdıq ki ilk oyunda "Admira"ya boş sahə verməyək. Lakin minimal hesabla məğlub olduq". "Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avstriya "Admira"sı ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, "Admira" güclü və öz ölkəsində öz sözünü demiş komandadır. Bu səbəbdən, sabahkı cavab oyununda risk etmək olmaz: "Hər hansı səhv və buraxılan bir qol hər şeyin sonu ola bilər. Bu, məşqçilik karyeramın ən önəmli oyunlarından biri olacaq və buna görə də üzərimdə böyük məsuliyyət hiss edirəm. Azərbaycan millisinin baş məşqçisi olarkən də belə oyunlara çıxmışam. Portuqaliya, Polşa yığmaları ilə oyunları qeyd edərdim. Amma heç vaxt belə həyəcanlı olmamışam. Ola bilsin, sabahkı oyunda komandada dəyişiklik edim. Amma risk etmək də istəmirəm".

Ş.Diniyev etiraf edib ki, "Admira" hazırkı vəziyyətdə mərhələ adlamaq üçün "Kəpəz"dən daha çox şansa malikdir: "Rəqibi çox analiz etmişəm və həqiqətən də güclü komandadır. Amma biz sabah meydana qələbə üçün çıxacağıq. Avstriyalılar tam fərqli sistemlə oyuna çıxa bilərlər, amma futbolçularım motivasiya baxımından oyuna tam hazırdırlar. Başa düşürəm ki, Gəncədən bura gəlmək belə hava şəraitində çox çətindir. Amma sabah azarkeşlərin bizi tək qoymayacaqlarına inanıram".

Baş məşqçi ilkin təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları "Daçiya" ilə “Admira”nı da müqayisə edib: “Admira” “Daçiya”dan 2 qat üstündür. Kağız üzərində onların şansı daha çoxdur. Rəqib hər bir cəhətdə bizdən üstündür. Biz 2 məqamda rəqibi üstələyə bilərik – motivasiya və aqressivlik. Komandama inanıram. Meydançanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Daha çox işləmələyik”.

Qeyd edək ki, iyulun 21-də "Dalğa Arena"da keçiriləcək "Kəpəz" - "Admira" matçı saat 20:00-da başlanacaq. İlk görüşdə avstriyalılar 1:0 hesab ilə qalib gəldiyindən, Azərbaycan təmsilçisi meydanı 2 top fərqli üstünlüklə tərk etməli və ya minimal hesablı qələbə sonucunda penaltilər seriyasında daha dəqiq olmalıdır.  

Son xəbərlər

Orphus sistemi