“Sabah” “Neftçi” ilə ev oyunlarında qol vurmaqda çətinlik çəkir - STATİSTİKA

Futbol
  • 19 yanvar, 2024
  • 08:50
“Sabah” “Neftçi” ilə ev oyunlarında qol vurmaqda çətinlik çəkir - STATİSTİKA

“Sabah” Azərbaycan Premyer Liqasında “Neftçi” ilə keçirilən ev oyunlarında qol vurmaqda çətinlik çəkir.

“Report”un məlumatına görə, bu komanda indiyə qədər çempionat çərçivəsində “ağ-qaralar”ı 10 dəfə qəbul edib və rəqib qapısından ümumilikdə 9 qol keçirib.

Bu isə orta hesabla hər matça 0,9 qol deməkdir. “Sabah”ın meydanında baş tutan 10 qarşılaşmanın 6-da “Neftçi” rəqibini məğlub edib. 2018-ci ildən bəri yaranan rəqabətdə “Sabah” doğma azarkeşlərinə cəmi 2 qələbə sevinci bəxş edib. İki qarşılaşmada isə bərabərlik qeydə alınıb. “Sabah”ın meydanında keçirilən matçların top fərqində də “Neftçi” üstündür – 15:9.

Premyer Liqanın XIX turu paytaxt təmsilçilərinin Premyer Liqa çərçivəsində ümumilikdə 22-ci dueli olacaq. Buna qədər baş tutan görüşlərin cəmi 5-də qələbə qazanan “Sabah” 13 dəfə məğlub olub, 3 görüşdə isə qalib müəyyənləşməyib. “Neftçi”nin 33 qoluna “Sabah” cəmi 17 qolla qarşılıq verib.

Ancaq 2023/2024 mövsümünün ilk yarısında reallaşan hər iki qarşılaşmada “Neftçi” qələbə qazana bilməyib. Mövsümün “Bank Respublika Arena”dakı birinci duelində qollu heç-heçə (1:1) qeydə alınıb. “Neftçi Arena”da isə qonaq komanda yeganə qol sayəsində rəqibini üstələyib – 1:0.

Qeyd edək ki, yanvarın 21-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” qarşılaşması saat 16:00-da başlayacaq.

44 filmi