"Qarabağ"dan çox danışmağa ehtiyac yoxdur. Rəqibi təbrik edirəm. Matça ciddi hazırlaşmışdıq. Heyətdə itkilərimiz olsa da, yaxşı mübarizə apardıq. Yenə də 1 xalımız var. Azlıqda qalsaq da, meydanda əsl komanda gördüm. Bu kollektivi yeni götürəndə də yaxşı oyunlarımız olmuşdu. Bu gün isə futbolçularda xarakter, məğlub olmamaq istəyi gördüm. Oyunumuz qürur verdi. "Qarabağ"a qarşı futbolçuları xüsusi hazırlamaq lazım deyil. Bu komandanın adı özü motivasiyadır".
"Report"un məlumatına görə, bunu "Sabah" klubunun baş məşqçisi Ramin Quliyev evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis Xulio Sezar Rodrigesin qırmızı vərəqə aldığı epizoda yenidən baxacaqlarını bildirib: "İndi nə isə demək çətindir. Birbaşa "qırmızı" almaq ciddi məsələdir. Onunla söhbətimiz olacaq".
Quliyev oyundan sonra klub prezidenti Maqsud Adıgözəlovun komandaya təşəkkür etdiyini vurğulayıb: "Mükafat haqqında söhbət olmadı. Elə vəziyyətdir ki, mükafat vəd olunsa belə, heç bir futbolçu onu götürməyə cürət edə bilməz. O pulu haqq etmək lazımdır".
Baş məşqçinin sözlərinə görə, geridə qalan 7 oyunda onun üçün ən çətin iş jurnalistlər qarşısına çıxmaqdır: "Bəlkə də Azərbaycanda ardıcıl 7 turda məğlub olan yeganə komanda bizik. Ehtiyat skamyamıza baxsanız, hamısı gənc oyunçulardır. Petar Skuletiç ağrıkəsici iynə ilə oyuna çıxmışdı. Amma bu, bəhanə deyil. Komandanı bir araya yığa bilmirik. Dünən Dani Sebalyos adi epizodda zədələndi. Hər şey sanki bizim əleyhimizə işləyir".
Quliyev deyib ki, məğlub olan baş məşqçi barədə söz-söhbət normaldır: "Mənim üçün rəhbərliyin fikri daha önəmlidir. Onların verdiyi qərar qanundur. Bu gün sərgilədiyimiz oyun yaxşı alındı. Amma bunun istefa məsələsinə necə təsir edəcəyini deyə bilmərəm. Siz məsələnin içini bilmirsiniz deyə, belə danışırsınız. Sizin sözünüzlə çıxıb gedə bilmərəm. Bu, mənim üçün normal haldır. Rəhbərliklə aramızdakı söhbətlərdən xəbəriniz yoxdur. Ona görə də məni başa düşün".