"Sabah"ın baş məşqçisi nəyə sevinir?

"Sabah"ın baş məşqçisi nəyə sevinir? "Deməzdim ki, o qədər də maraqlı oyun alındı"
Futbol
17 Aprel , 2021 21:21
Sabahın baş məşqçisi nəyə sevinir?
Ramin Quliyev

"Deməzdim ki, o qədər də maraqlı oyun alındı. Amma hər iki komanda meydanda mübarizə apardı. Hər iki komandanın qol imkanları oldu. Məncə, hesab oyuna görə oldu".

"Report"un məlumatına görə, bunları "Sabah" komandasının baş məşqçisi Ramin Quliyev səfərdə "Keşlə" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, rəqiblərini yaxşı analiz ediblər: "Deməzdim ki, futbolçularımız əllərindən gələni etmədilər. Sadəcə, sonluqların çatmaması, axırıncı ötürmələrin verilməməsi və zərbələrin vurulmaması qolsuz oyuna səbəb oldu. Lakin komandamın əzmkarlıq və istəkli olması, meydanda bir komandanın görünməsi məni sevindirir".

Quliyev dördüncü qapıçı Nicat Mehbalıyevi start heyətdə buraxmasını belə əsaslandırıb: "Bu, Nicatın ilk oyunu idi. Mehbalıyev gənclərdən ibarət Azərbaycan yığmasının əsas qapıçısıdır. Düzdür, hazırda aşağı pillələrdəyik. Amma belə oyunlarda Nicata şans verməliyik. Klub olaraq, bilmək istərdik ki, o, gələcək planlarda varmı? Bu baxımdan, Mehbalıyevi təbrik edirəm, əsas qapıçımız Saşa Stamenkoviçin meydanda yoxluğunu unutdurmadı. Nicatın qapıda etibarlı olması mənim üçün sevindirici oldu".

Baş məşqçi ehtiyatda Saşa Stamenkoviçlə Rustam Samiqullinin yer aldığı halda, Alvaro Ampueronun ümumiyyətlə heyətə düşməməsinin səbəbini də açıqlayıb: "Rustama da şans verməyimiz gözlənilir. Alvaronu ona görə heyətə salmadıq ki, Nicata nə isə olsa, yaş limitinə düşən digər qapıçımız Samiqullini meydana buraxaq. Gələcək qarşılaşmalarımızda Nicat da, Rustam da ilk "11-lik"də yer alacaq. Bu dönəmdə gənc qolkiperlərə şans verməliyik ki, öz məharətlərini göstərsinlər".

"Sabah"ın 2 oyundur qol vura bilməməsi və 3 matçdır top buraxmamasına da toxunan Quliyev təhlükəli vəziyyətləri qola çevirmələri üçün vaxta ehtiyac duyduqlarını vurğulayıb. O, qapılarını toxunulmaz saxlamalarını sevindirici hal adlandırıb: "Əvvəllər yalnız "Zirə" ilə III tur matçında top buraxmamışdıq. Sonrakı görüşlərin hamısında komandamız hər oyunda qapısında qol görmüşdü. 3 oyundur top buraxmamağımız müsbət haldır".

Son xəbərlər

Orphus sistemi