Rüstəm Rəhimov: "Hakimlər Komitəsi öz işində dönüş yaratmalıdır"

Rüstəm Rəhimov: "Hakimlər Komitəsi öz işində dönüş yaratmalıdır" "Frits Ştuxlikə yaradılan şəraitin qarşılığında hakimliyin səviyyəsi az artır"
Futbol
585
31 Avqust , 2021 17:21
Rüstəm Rəhimov: Hakimlər Komitəsi öz işində dönüş yaratmalıdır
Rüstəm Rəhimov

"Ölkə çempionatının yeni mövsümündə əksər oyunlara baxmışam. Bir-iki matçı çıxmaq şərtilə hələlik kobud səhvlər yoxdur".

Bu fikirləri "Report"a açıqlamasında Ümumittifaq dərəcəli keçmiş referi, AFFA Veteranlar ittifaqının sədr müavini Rüstəm Rəhimov Azərbaycan Premyer Liqasının ilk iki turunda qeydə alınan hakim səhvləri barədə danışarkən deyib.

Milli assosiasiyanın baş mütəxəssisi bildirib ki, bütün oyunlarda ideal hakimlik etmək olmaz: "Ona görə də bəzi matçlarda xırda səhvlər olur. Əsas odur ki, kobud səhvlər olmasın. Çempionat yeni başlayıb. Görək, sonda necə olacaq".

Rəhimov "Zirə"nin oyunlarında qeydə alınan səhvlərin kifayət qədər ciddi olduğunu söyləyib: "Rəşad Sadıqov hakimlikdən haqlı olaraq şikayət edir. "Zirə"nin oyunlarında kobud səhvlər oldu. Fikrimcə, hakimlər "Zirə"ni bilərəkdən "yıxmayıblar". Sadəcə, səhvlər Sadıqovun bəxtinə düşüb (gülür - red.). İnanmıram ki, hansısa hakim sifarişlə oyun idarə etsin. Düzdür, "Zirə" - "Qarabağ" matçının baş hakimi təcrübəli Rauf Cabbarov olub. Amma səhvi yan xətt hakimi etdi. Oyundankənar epizodla bağlı qərarı referi öz üzərinə necə götürsün? Cabbarov epizodu şəxsən görsəydi, qolu sayardı. Öz köməkçisinə inanıb qərar verdi. Hakimlik komanda işidir".

O, digər ölkələrin çempionatlarında da kobud səhvlərə yol verildiyini xatırladıb: "Məsələn, Sergey Karasyov kimi baş hakim Rusiya Premyer Liqasının oyununda yüzfaizlik qırmızı vərəqə epizodunda futbolçunu meydandan qovmadı. Mən demirəm ki, bizdə səhvlər olmur. Əlbəttə, olur. Lakin irəliləyiş də var. 2-3 gənc referi yetişib. Onları tərəziyə qoysaq, görərik ki, artırıblar. Gənc hakimlərin püxtələşməsi üçün vaxt lazımdır. Son illərdə Azərbaycanda neçə futbolçu yetişib? Cəmi 2-3 futbolçu ön plana çıxıb. Hakimi də yetişdirmək üçün vaxt lazımdır. Bir ilə hakim yetişmir".

Rəhimovun sözlərinə görə, AFFA hakimlərə elə şərait yaradıb ki, onlar öz üzərlərində yaxşı işləsinlər: "Səhvlərə baxmayaraq, hakimlikdə irəliləyiş var. Rəşad Əhmədov ən çox ümid bəslədiyim hakimlərdən biridir. Hesab edirəm ki, Əliyar Ağayev və Elçin Məsiyevdən sonra o və Kamal Umudlu kimi hakimlər ön plana çıxacaqlar. Onların inkişafı üçün sürətli, gərgin, mübarizəli oyunlar olmalıdır. Bilirsiniz ki, bəzi hakimlərə peşəkar statusu veriləcək. Bu da onlar üçün əlavə stimul olacaq. Onlar artıq peşəkarlığa doğru gedirlər. Buna görə maaş alacaqlar. AFFA onlar üçün hər cür şəraiti yaradıb. Gələn ildən VAR sistemi tətbiq olunacaq. Bunun üçün savadlı hakimlər hazırlanmalıdır ki, onlar meydandakı referilərlə bir-birilərini tamamlasınlar. Bu sahədə işlər görülür. AFFA bunu ona görə edir ki, hakimlər fikirlərini ancaq öz işlərinə, peşəkarlığa yönəltsinlər"

Baş mütəxəssis qarşıdakı turlarda hakimliklə bağlı vəziyyətin daha aydın görünəcəyini vurğulayıb: "Hazırkı durum mənfiyə doğru dəyişə də bilər. Amma çempionatda cəmi 2 tur keçirilib. Ona görə də qiymət vermək çətindir. Ən azı I dövrədən sonra nə isə demək olar. Mövsümün sonunda daha dəqiq fikir bildirə bilərik. Hakimlər əvvəllər ölkə xaricinə təlim-məşq toplanışlarına gedirdilər. Ola bilər, indi maliyyə problemi və ya başqa səbəblər var. Çempionatdan öncə az oyun idarə ediblər. Məsələn, təlim-məşq toplanışı keçən komandalar digərlərindən daha yaxşı oynayırlar. Çünki hazırlıq müddətində yoxlama matçları keçirirlər. Amma nəzəriyyə ilə praktika eyni deyil. Futbolçularla oturub səhərdən axşamadək söhbət etsək, oynaya bilərlər? Əlbəttə, yox. Bu da onun kimi bir şeydir. Hakimlər də oyun idarə etdikcə təcrübə qazanırlar".

Rəhimov Hakimlər Komitəsi üçün yaradılan şəraitin qarşılığında inkişafın istənilən səviyyədə olmadığını da etiraf edib: "Komitə öz işində dönüş yaratmalıdır. Əvvəllər bu cür şərait olmayıb. Bu gün bir nəfər işləyir, hamı ona kömək edir. AFFA rəhbərliyi Frits Ştuxlikə yüksək şərait yaradıb. Yanında 10-15 nəfər komitə üzvü çalışır. Bunun qarşılığında hakimliyin səviyyəsi az artır. Halbuki inkişaf daha çox olmalıdır".

Son xəbərlər

Orphus sistemi