Rumıniya mətbuatı "Qarabağ"ın İsveçrədə "Bazel"ə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda üzləşdiyi hakim ədalətsizliyindən yazıb.
"Report" xəbər verir ki, "Sport.ro" saytı 2-ci dəqiqədə Azərbaycan təmsilçisinin legioneri Abdullah Zubirin sayılmayan qolunu böyük səhv adlandırıb.
2015/2016 mövsümündə Rumıniyanın "Petrolul" klubunda çıxış etmiş 30 yaşlı yarımmüdafiəçinin təxminən 8 metrdən vurduğu zərbəsindən sonra topun açıq şəkildə qapı xəttini keçdiyi vurğulanıb: "Təkrardan sonra qolun təsdiqlənməli olduğu görünür. Konfrans Liqasında VAR (video-təkrar) sistemi və "goal line" texnologiyası olmadığı üçün referi həmin anı nəzərdə keçirə bilməyib və "Qarabağ"ın qolunun önəmi qalmayıb".
Qeyd edək ki, qarşılaşma "Bazel"in 3:0 hesablı qələbəsi ilə bitib.