"Rəqib meydan amilindən maksimum istifadə etdi. Örtüyün sürüşkən olması özünü göstərdi. Dünənki məşq prosesində də bunu hiss etmişdik, amma adaptasiya dərhal alınmadı. Üstəlik, onlar azarkeş dəstəyindən də yararlandılar".
"Report"un məlumatına görə, bunu "Araz-Naxçıvan"ın qapıçısı Rövşən Hüseynli Ukraynanın "Uraqan" klubuna 1:2 hesabı ilə uduzduqları futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələ oyunundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Komandanı meydana kapitan kimi çıxaran qolkiper bildirib ki, rəqib oyun planında onlardan dəfələrlə üstün deyildi: "Heyətimizdə itkilər var idi. Rizvan Fərzəliyev, Xətai Bağırov illərdir bu komandanın üzvüdür. Hər ikisi baş məşqçinin taktiki planda tələblərini yaxşı bilirlər. Xüsusilə də 5 oyunçu ilə oynayan zaman Rizvanın yoxluğu hiss olunurdu. Məşqlər həm də bu futzalçıların üzərində qurulmuşdu. Yeni gələn oyunçuların taktiki tapşırıqları mənimsəməsi, standart vəziyyətlərin icrasını öyrənməsi müəyyən vaxt aparır".
Hüseynlinin sözlərinə görə, “Uraqan”la qarşılaşmada öz oyunlarını nümayiş etdirə bilməyiblər: "Bir qədər zəif çıxış etdik, ötürmələrimizdə dəqiqlik, sürət çatmadı. İlk oyunlardakı nəticələrlə yekun haqqında danışmaq olmaz. Şanslar bitməyib, sona qədər çox şey dəyişə bilər. Məsələn, bu gün hamımız Rumıniya çempionundan qələbə gözləyirdik, amma əksi ilə üzləşdik. Sadəcə, şansımız bir qədər azalıb. Sabah Rumıniyanın “Yunayted Qalati” klubu ilə oyunda eyni səhvləri etməməliyik. Hər iki görüşümüzü qələbə ilə yekunlaşdırmalıyıq ki, sona qədər şansımız davam etsin”.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Yunayted Qalati" matçı Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.