"Yekunda 4 xal toplasaq da, mərhələ adlaya bilmədik. Buna görə təəssüflənirəm".
"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Niderlandda keçirilən Avropa çempionatında Bosniya və Herseqovina yığmasını 4:2 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin III tur oyunundan sonra deyib.
O, qələbə münasibətilə komanda yoldaşlarını, azarkeşləri və televiziya tamaşaçılarını təbrik edib.
Oyuna yaxşı başladıqlarını söyləyən təcrübəli qolkiper sona qədər döyüşdüklərini vurğulayıb: "Rəqibin matçın əvvəlində 2-3 real qol şansı olsa da, hesabı açan biz olduq. Yeri gəlmişkən, keçirdiyimiz hər 3 oyunda hesab açan və fasiləyə qalib yollanan tərəf biz olmuşuq. Çox istəkli idik. Şansımız az qalsa da, bundan sona qədər istifadə etməyə çalışdıq. Əlbəttə, oyunöncəsi hisslərim fərqli idi. Çünki ilk iki oyunda özümdən asılı olmayan səbəblərdən komandama kömək edə bilməmişdim. Bu da məndə müəyyən qədər aqressiya yaratmışdı. Əvvəldə çalışdım ki, bu hisslərimi boğum".
Qeyd edək ki, Rövşən Hüseynli COVID-19 testi müsbət nəticə verdiyi üçün Azərbaycan millisinin Avropa çempionatında ilk 2 turun Gürcüstan (2:3) və İspaniyaya (2:2) qarşı oyunlarında meydana çıxmayıb. Qrupda 4 xalla 3-cü yeri tutan komanda 1/4 finala vəsiqə qazana bilməyib.