Rövşən Hüseynli: "Favorit olduğumuzu meydanda da göstərməliyik"

Rövşən Hüseynli: "Favorit olduğumuzu meydanda da göstərməliyik" "Reytinq göstəricisində biz favoritik, amma bunu meydanda da göstərməliyik. Qrup lideri olmaq və elit-raunda vəsiqə qazanmaq istəyirik".
Futbol
7 İyul , 2022 18:37
Rövşən Hüseynli: Favorit olduğumuzu meydanda da göstərməliyik

"Reytinq göstəricisində biz favoritik, amma bunu meydanda da göstərməliyik. Qrup lideri olmaq və elit-raunda vəsiqə qazanmaq istəyirik".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli 2024-cü il dünya çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

31 yaşlı qolkiper ilk olaraq Yunanıstan yığması barədə danışıb: "Bu ölkənin futzalçıları ilə son illərdə tez-tez üz-üzə gəlirik. AEK klubu ilə, eləcə də Yunanıstan millisi ilə qarşılaşmışıq. Oyunlar həm bizim, həm də rəqibin meydanında baş tutub. Onlarla görüşün favoriti Azərbaycan millisi hesab edilir. Əgər fors-major hadisə baş verməzsə, biz hər iki matçda qələbə qazanmalıyıq".

Hüseynli Polşa seçməsinin son illərdə inkişafda olduğunu vurğulayıb: "Son Avropa çempionatına da vəsiqə qazanıblar. 4 il əvvəlki qitə birinciliyinin də iştirakçısı olublar. Niderlandda Rusiya - Polşa matçını izləmişdik".

"Araz Naxçıvan" klubunun üzvü UEFA Çempionlar Liqasındakı şanslarından da söz açıb: "Mostar" oyunları doğma meydanda, Bosniya və Herseqovinada keçirəcək. Bu, onlar üçün üstünlükdür. Komandanın bir neçə üzvü ölkəsinin millisində çıxış edir. Hansı ki, həmin yığma ilə son Avropa çempionatında üz-üzə gəlmiş, qələbə qazanmışdıq. Səhv etmirəmsə, “Mostar”la da görüşmüşük. Digər iki komanda D və F qrupunun qalibi olacaq. D qrupuna diqqət yetirsək, yeganə vəsiqə uğrunda Serbiya və İsveçrə çempionları mübarizə aparacaq. F qrupuna gəldikdə, Gürcüstan və Almaniya təmsilçilərinin mübarizəsi maraqlı olacaq. Gürcüstan futzalı da son illərdə inkişafdadır. “Georgians” klubunun heyətində vaxtilə bizim çempionatda iştirak etmiş futzalçılar da yer alıb. Almaniyada da bu idman oyunu sürətlə inkişaf edir. “Ştutqard” reytinq cədvəlində irəliləyib.

Təcrübəli oyunçu klubun qarşısına məqsəd qoyulduğunu sözlərinə əlavə edib: "Ötən il “Uraqan”a uduzmaqla mübarizəni dayandırdıq, amma bu dəfə fərqli nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik. Hazırda heyətin gücləndirilməsi istiqamətində işlər gedir. Verilən tapşırığı maksimum dərəcədə icra etməyə çalışacağıq. Çünki Çempionlar Liqasında daha yaxşı nəticə qazanmaq istəyirik".

Qeyd edək ki, "Araz-Naxçıvan" B yolunun 5-ci qrupunda "Mostar" (Bosniya və Herseqovina), həmçinin, ilkin mərhələnin D və F qruplarının qalibləri ilə görüşəcək. Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları 25 - 30 oktyabrda Bosniya və Herseqovinada keçiriləcək.

İlkin mərhələnin D qrupunda "Minerva" (İsveçrə), "Loznika Qrad" (Serbiya), "Vesteralen Futzal" (Norveç), "Folqare" (San Marino), F qrupunda isə "Georgians" (Gürcüstan), "Ştutqart" (Almaniya), "Orebro" (İsveç), "İstanbul Şişli" (Türkiyə) komandaları yer alıb.

Son xəbərlər

Orphus sistemi