"Kəpəz"in işsizlikdən əziyyət çəkən veteran futbolçusu Rövşən Əhmədov məşqçilik kurslarına cəlb olunub.
Bu barədə "Report"a keçmiş hücumçunun özü məlumat verib. O, "Turan Tovuz" Futbol Akademiyasında C kateqoriyalı kurslarda iştirak etdiyini bildidib.
Əhmədov yaradılan şəraitə görə AFFA-ya təşəkkür edib: "Milli assosiasiya işə qarışdı, daha sonra "Turan Tovuz" komandasından dəvət gəldi. Amma kurslarda iştirakım ən çox AFFA-nın təşəbbüsü ilə oldu. Kurslara qatılmaq üçün tələb olunan məbləği də milli assosiasiya ödədi. Bildiyim qədərilə, iştirak haqqı 500 manatdır. Sağ olsunlar, bu xərci öz üzərlərinə götürdülər. Kurslar çox maraqlı keçdi. Bizim üçün hər cür şərait yaradılmışdı".
Qaydalara görə, milli komandanın formasını geyinmiş futbolçular birbaşa B kateqoriyalı məşqçilik kurslarına qatılmalıdırlar. Yığmada çıxış etmiş sabiq forvard C kateqoriyalı kurslarda iştirakının səbəbini belə izah edib: "Azərbaycan millisinə dəvət alsam da, rəsmi matçlarda meydana çıxmamışam. Sadəcə, İrandakı turnirdə yoldaşlıq görüşündə oynamışam. Bu isə sayılmır. Dedilər ki, C kurslarını oxumalısan".
1995/1996 mövsümündə Gəncə təmsilçisinin heyətində 23 qolla Azərbaycan çempionatının bombardiri olmuş veteran hücumçunun sözlərinə görə, AFFA onu işlə təmin edəcəyinə söz verib: "Bildirdilər ki, kursu bitirəndən sonra işlə təmin olunacaqsan. Amma harada işləyəcəyimi bilmirəm. 15-20 gün ərzində cavab deyiləcək".
Fəhləliklə məşğul olaraq ailəsini dolandırdığını deyən Əhmədov Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Gəncə şəhərinin deputatı Müşfiq Cəfərovun ona iş söz verdiyini, amma vədinə əməl etmədiyini söyləyib: "Müşfiq müəllim söz verdi, amma etmədi. Demişdi ki, səni işlə təmin edəcəyik. Lakin heç bir köməkliyi dəymədi. İş olanda fəhləlik edirəm. Olmayanda da evdə otururam. Başqa nə edə bilərəm ki"?!
Keçmiş forvard Azərbaycan millisinin bu gün evdə Serbiya yığmasına qarşı keçirəcəyi DÇ-2022-nin seçmə mərhələ oyunu barədə də danışıb: "Matça mütləq baxacağam. Yığmamızın xal qazanmağını istərdim. Amma çətin olacaq. 3 gün öncə Qətərlə oynayıblar. İstər-istəməz yorğunluq olacaq. Qələbəyə çox da inanmıram. Amma heç olmasa 1 xal gözləyirəm. Fikrimcə, komandamız ən pis halda heç-heçə etməyə çalışacaq".