Bakı. 20 sentyabr. REPORT.AZ/ “2019-ci ildə təşkil olunacaq UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Bakı Olimpiya Stadionunun qitənin mötəbər klub turnirinin final oyununa ev sahibliyi etməsi respublikamızın idman həyatında əlamətdar hadisədir".
"Report"un məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
AFFA-nın prezidenti qeyd edib ki, qərarın Azərbaycanda futbolun inkişafına öz töhfəsini verəcəyinə əmindir: "Belə bir nüfuzlu turnirin oyunlarına ev sahibliyi etməyimiz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik. UEFA İcraiyyə Komitəsinə prezentasiyamızı yüksək qiymətləndirdiyinə görə, minnətdarlığımızı bildirir və bu etimadı da əməli işimizlə doğruldacağımıza inanırıq”.
Qeyd edək ki, bu gün UEFA-nın İcraiyyə Komitəsinin iclasında 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununu qəbul edəcək stadionların adları açıqlanıb.