​Rövnəq Abdullayev: "Neftçi"nin səhmləri buraxılacaq"

​Rövnəq Abdullayev: "Neftçi"nin səhmləri buraxılacaq" "Rayonlarda, bölgələrdə ictimai klublar yaradılacaq"
Futbol
31 Mart , 2015 17:46
​Rövnəq Abdullayev: Neftçinin səhmləri buraxılacaq

Bakı. 31 mart. REPORT.AZ/ "AFFA İcraiyyə Komitəsində klubların ictimailəşdirilməsinə qərar vermişdik. "Neftçi" İdman Cəmiyyətində 5000-dək idmançı və mütəxəssis var idi". "Report"un məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasında "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında R.Abdullayev "Azərneftyağ" bağlandıqdan sonra "Neftçi" futbol klubunun "Neftçi" İdman Cəmiyyətinin tərkibinə verildiyini deyib. 

AFFA prezidenti 7 nəfərdən ibarət Müşahidə Şurasının yaradılmasına qərar verdiklərini bildirib.

O, Müşahidə Şurasının üzvlərinin adlarını da açıqlayıb: "Çingiz Abdullayevdən futbolu sevən şəxs kimi xahiş etdik ki, Müşahidə Şurasına üzv olsun. Eləcə də Mübariz Zeynalov, Səmədağa Qurbanov və Bəhram Bağırzadə razılıq verdi. Sadıq Sadıqov və SOCAR-dan 2 nəfər də şurada yer alacaq".

Məqsədin "Neftçi"ni ictimailəşdirmək olduğunu söyləyən R.Abdullayev klubun səhmlərinin buraxılacağını söyləyib: "100 min səhm buraxılacaq və İdarə Heyəti tərəfindən idarə olunacaq. Artıq klub rəhbəri təyinat aparmayacaq. "Sumqayıt" və s. səhmdar və ya şəxsi klub olacaq. Artıq kimsə kefi istəyəndə klubu bağlamayacaq. Rayonlarda, bölgələrdə ictimai klublar yaradılacaq. Artıq klub bir nəfərdən asılı olmayacaq. Kluba bir nəfər yox, bütün bölgə cavabdeh olacaq. Məncə bu, düzgün variantdır. Ona görə də birinci "Neftçi"dən başladıq. "Neftçi"nin idman cəmiyyətinin tərkibinə verilməsi barədə qərar verdik. Müşahidə Şurası bu işə həvəslə və sevə-sevə girişir. İlk növbədə, "Neftçi"ni daxili aləmdə tanıtmalıyıq. Azarkeşsiz futbol - futbol deyil".

AFFA rəhbəri "Neftçi"nin seçkili qurum olacağını da qeyd edib: "Bu, səhmlər buraxılandan sonra olacaq. Bu prosesə keçid mərhələli aparılacaq. Ən vacibi, uzunmüddətli fəaliyyət göstərəcək. Kiminsə əlinə baxmayacaq. Bu, məşvərətçi yox, qərarverici orqan olmalıdır. Mən də 5 il klub prezidenti olmuşam, amma Sadıq Sadıqov kimi nəticələr göstərməmişəm. "Bakı" klubunu götürək. Bank sağ olsun, onun sayəsində klubu maliyyələşdirdik. Birinci özümüzdən başlayırıq. İlin sonunadək bütün klublar ictimailəşəcək. "Bakı"dakı vəziyyəti bilmirəm. Bu, klubun sərmayədarından asılı olacaq. Biz "Neftçi"nin işinə qarışmamışıq. Amma indi vəziyyət elədir ki, gərək klublarda da dəyişikliklər edək. Klublar bir nəfərdən asılı olmasın. "Simurq"a Zaqatala ictimaiyyəti dəstək verməlidir. "İnter" isə xarici ad olduğundan adı dəyişdirilərək "İnter Keşlə" olmalıdır. "Bakı" da "Biləcəri Bakı" və ya "Xırdalan Bakı" olsaydı, oyunlarına nə qədər adam gələrdi?".

Son xəbərlər

Orphus sistemi