Robert Prosineçki "Neftçi" - "Zirə" oyunundan narazı qalıb

Robert Prosineçki "Neftçi" - "Zirə" oyunundan narazı qalıb “90 dəqiqə boyunca qapıya, demək olar ki, zərbə görmədik”
Futbol
23 Aprel , 2016 21:51
Robert Prosineçki Neftçi - Zirə oyunundan narazı qalıb

Bakı. 23 Aprel. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqada XXXI turun "Neftçi" - "Zirə" matçını izləyib.

“Report” xəbər verir ki, xorvat mütəxəssis oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qolsuz başa çatan oyun barədə fikirləriniz necədir?

- Ümumi götürsək, oyundan tam razı qalmadım. Qolsuz heç-heçə gördük. "Zirə"nin 1 xal üçün oynadığı hiss olunurdu, tam bacarığını göstərmədi. "Neftçi"də isə böhran sezilirdi.

Hesabdan, yoxsa futbolçuların çıxışlarından narazı qaldınız?

- Həm futbolçuların çıxışlarından, həm də hesabdan. 90 dəqiqə boyunca qapıya, demək olar ki, zərbə görmədik.

Son zamanlar Ruslan Qurbanov çox tənqid olunur. Bəs onun oyunu sizi qane edir?

- Təkcə Ruslandan yox, bütün komandadan narazı qalmışam. Deməzdim ki, təkcə onun oyunu alınmadı. Bütün komanda istənilən səviyyədə çıxış etmədi. Komandalar öz potensiallarına uyğun oyun sərgiləmir. Amma mövsümün sonuna bir neçə oyun qalıb. Gələn həftə bizi Azərbaycan Kubokunun yarımfinal qarşılaşmaları gözləyir. Bu görüşlərin maraqlı keçəcəyini gözləyirəm. Bu gün "Qəbələ"ni də izləmişəm. Düzdür, qalib gəldi. Amma nəzərə aldıqda ki, "Xəzər Lənkəran"a qarşı oynayırdı, tam potensialını ortaya qoya bilmədi. "Qəbələ"dən daha yaxşı oyun gözləyirdim. Mövsümün qalan oyunlarının daha yaxşı keçəcəyinə ümid edək.

Azərbaycan yığmasında çıxış edən futbolçuların zəif oyunlarının səbəbini mövsümün sonu ilə əlaqədar yarana biləcək yorğunluqda görmürsünüz?

- Məncə, bunu yorğunluqla əlaqələndirmək olmaz. Həftədə bir oyun keçirirlər. Nəyə görə yorğun olsunlar ki... Avropada həftədə 2 dəfə meydana çıxırlar. Həftədə bir dəfə oynamaqla yorğunluqdan danışırıqsa, məncə, bu, düzgün deyil.

Avstriya toplanışı zamanı millidə yeni ad görə bilərik?

- Kim var? Mən bilmirəm, baxarıq. Cavabını özünüz bilirsiniz. Bu sualı niyə verirsiniz?

Millinin Makedoniya və Kanada ilə yoldaşlıq görüşləri keçirəcəyi dəqiqləşib. Bəs üçüncü rəqib kim ola bilər?

- Kanada ilə oyun maraqlı olacaq. Makedoniya da güclü komandadır. Amma Avstriyada ilk yoxlama matçımızı mayın 26-da keçirəcəyik. Hələ o rəqib bilinmir. Hazırda ad çəkmək istəməzdim, danışıqlar aparırıq.

Hücumçu problemini Almaniyada çıxış edən Rüfət Dadaşovun hesabına aradan qaldırmaq olar?

- Dadaşov 5-ci liqada oynayır. Onu çağırsam, gərək çempionatı dayandıraq, futbol oynamasınlar.

Son xəbərlər

Orphus sistemi