Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının XVI turu çərçivəsində baş tutan “Bakı” – “Xəzər Lənkəran” və “Neftçi” – “Sumqayıt” oyunlarını izləyib. "Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis həmin oyunlarla bağlı affa.az saytına fikirlərini bildirib.
R.Prosineçki hər iki qarşılaşmada azarkeş azlığından təəssüfləndiyini dilə gətirib: "Ümid edirəm ki, növbəti oyunlarda daha çox azarkeş görə biləcəyəm".
Baş məşqçi ilk matçla müqayisədə ikincisinin daha maraqlı keçdiyini söyləyib. O, “Xəzər Lənkəran”ın "Bakı"ya qarşı sərgilədiyi oyundan narazılığını gizlətməyib: "Əvvəlki oyunlarda Lənkəran komandası yaxşı təsir bağışlamışdı. Bu dəfə də daha yaxşı oyun gözləyirdim. “Bakı”nın heyətində gənc oyunçular çoxdur. Mübarizə aparırlar, əllərindən gələni edirlər. Nəticədən razı qala bilərlər".
Neftçi” – “Sumqayıt” oyununa gəlincə, R.Prosineçki "Bakcell Arena"dakı matçın daha maraqlı və qollu keçdiyini söyləyib. O, 2 futbolçunun çıxışından razılıq ifadə edib: "Hər iki oyunda bəzi şeyləri görə bildim, bəzilərini yox. Ad çəkmək istəmirəm, “Neftçi” - “Sumqayıt” oyununda iki futbolçunun çıxışı diqqətimi çəkdi. Onlar mənim üçün önəmli oyunçulardır. Gənc və bacarıqlıdırlar”.