Bakı. 7 yanvar. REPORT.AZ/ "Dekabrın 22-dək Bakıda oldum və sonra Zaqrebə yollandım. Yeni İli Xorvatiya paytaxtında ailəm və qohumlarımla qarşıladım. Bayramlar çox şən keçdi. Yəni müsbət enerjim təmin olunub". "Report"un məlumatına görə, bunu UEFA-nın rəsmi saytına müsahibəsində futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Bosniya və Herseqovina yığmasından da təklifin olduğunu bildirən xorvatiyalı mütəxəssis Azərbaycanı seçməsini AFFA-nın ideyalarının daha cəlbedici olması ilə əlaqələndirib. AFFA-nın baş katibi Elxan Məmmədovla Fransanın paytaxtı Parisdə tanış olan R.Prosineçki Azərbaycan futbolunda işıqlı gələcək gördüyünü deyib: "Azərbaycanda üzərində işləniləsi çox şey var və bunun üçün bütün şəraitlər mövcuddur. Düzdür, Bosniya və Herseqovinanın aparıcı çempionatlarda çıxış edən yaxşı oyunçuları var. Amma Azərbaycan komandası ilə iş perspektivi məni daha çox cəlb etdi. Söhbət çoxlarının düşündüyü kimi əsla pulda deyil. Ümumiyyətlə, futbolda heç də hər şey qiymətli kağızlarla ölçülmür. Daha vacib şeylər var. Əlbəttə, azərbaycanlıların mənimlə bosniyalılardan tez əlaqə saxlamaları da öz rolunu oynadı".
AVRO-2016-nın seçmə mərhələsindəki 4 oyunda Azərbaycan millisinin 1 xal belə yığmadığını qeyd edən R.Prosineçki bu səbəbdən futbolçuların elə də yüksək psixoloji durumda olmadıqlarını söyləyib. O bildirib ki, hazırda əsas məqsədi məhz bu amili aradan qaldırmaqdır: "Futbolçularda qalib psixologiya tərbiyə etmək, onları özlərinə inanmağa məcbur etmək lazımdır. Ümumilikdə biz seçmə mərhələni turnir cədvəlində mümkün qədər yuxarıya qalxmaqla başa vurmaq istəyirik. Bəli, bu, çətin olacaq, amma bizim böyük potensiallı gənclərimiz var. Müqavilə bağladıqdan sonra mən bir çox futbolçunu izləmişəm. Onların arasında diqqətimi cəlb edən kifayət qədər oyunçu tapılıb. Hələlik ad çəkməyəcəyəm. Amma bu uşaqlara inanır və ümid edirəm. Bir sözlə, üzərində işləməli məsələlər var. Qlobal məsələ isə növbəti seçmə tsiklə hazırlıqdır. Rəqabətədavamlı komanda formalaşdırmaq lazımdır ki, liderlərlə bərabər mübarizə apara bilsin".
Xorvatiyalı baş məşqçi həm yığmanın oyun sistemində, həm də heyəti baxımından dəyişikliklərin olacağını qeyd edib. Onun sözlərinə görə futbolda müdafiə olunmaq hücum etməkdən daha asandır: "Dəyişikliklər isə mütləq olacaq. Özü də təkcə oyun sistemində yox, heyətdə də. Bizim başqa cür oynamaq, daha çox və səmərəli hücum etmək üçün potensialımız var. Futbolçuların təkcə irəli qaçmağa yox, gözəl oyun sərgiləməyə potensialı var. Əlbəttə, bu, asan deyil. Amma işləyəcəyik".
R.Prosineçki Azərbaycanda futbol infrastrukturunun yaxşı vəziyyətdə olduğunu söyləyib. Burada futbol oynamaq üçün hər cür şəraitin varlığından danışan mütəxəssis görülən işlərin ölkənin xeyrinə olacağını deyib. Ölkə çempionatından da söz açan yığmanın baş məşqçisi Premyer Liqanın səviyyəsinin kifayət qədər yüksək olduğunu deyib. R.Prosineçki çempionatda 3-4 çox yaxşı komandanın olduğunu söyləyib: "Götürək, Avropa Liqasının qrup mərhələsindən 1/16 finala vəsiqənin bir addımlığında dayanan "Qarabağ"ı. Güclü klubların tərkibində bir çox yüksək səviyyəli legioner var. Elə Ağdam komandasında Reynaldo və Riçard Almeydanı qeyd edərdim. Belə ustalarla birgə oynayan yerli futbolçular güclü və təcrübəli olacaqlar. Ümumiyyətlə, hazırkı limit - hər komandanın heyətində ən azı 5 yerli futbolçunun oynaması və onlardan 1-nin yaşının 21-dək olması mənim çox xoşuma gəlir. Meydana çıxan 6 legionerin yerli futbolçulardan səviyyəcə yüksək olmaları vacibdir. Onların səviyyəsi nə qədər yüksək olsa, yerlilər də o qədər sürətlə artıracaq və möhkəmlənəcəklər".
Sonda isə baş məşqçi Azərbaycanla bağlı fikirlərini dilə gətirib. O, Bakını bəyəndiyini, paytaxtın xüsusi arxitekturası ilə birgə gözəl şəhər olduğunu deyib: "Bakı inanılmaz sürətlə inkişaf edir, yalnız və yalnız irəli gedir. İri investisiyalar nəticəsini verir. Azərbaycana ailəmlə birgə getməyim bu ölkəyə olan münasibətimin göstəricisidir. Qızlarım Bakı məktəbində təhsil alacaqlar. Burada yaxşı yaşamaq üçün hər şey var. Gözləntilərimin özünü nə dərəcədə doğrultmasına gəldikdə, açığı, nəyin necə olacağını heç düşünməmişdim. Əlbəttə, Azərbaycan barədə bilirdim. Amma heç vaxt orada olmamışdım. Təklif alanda ilk növbədə, internetə girdim. Şükür Allaha, Yerin hər bir guşəsi barədə məlumat almağa imkan verən qlobal şəbəkə mövcuddur. İlk işim Bakı barədə fotolara və videoçarxlara baxmaq oldu. Sonra isə başqa məlumatlar topladım.
Qeyd edək ki, Robert Prosineçki ötən ay AFFA tərəfindən ictimaiyyətə təqdim olunub. Onunla 3 illik müqavilə bağlanılıb.