Levandovskinin qol vura bilmədikləri: Aralarında azərbaycanlı qapıçı da var

Levandovskinin qol vura bilmədikləri: Aralarında azərbaycanlı qapıçı da var Polşa millisinin və Almaniyanın "Bavariya" klubunun ulduz futbolçusu Robert Levandovskinin qol vura bilmədiyi qapıçıların adları açıqlanıb
Futbol
19 Fevral , 2021 10:03
Levandovskinin qol vura bilmədikləri: Aralarında azərbaycanlı qapıçı da var
Robert Levandovski

Polşa millisinin və Almaniyanın "Bavariya" klubunun ulduz futbolçusu Robert Levandovskinin qol vura bilmədiyi qapıçıların adları açıqlanıb.

"Report" Polşanın "Onet" nəşrinə istinadən xəbər verir ki, karyerasında 500-dən çox qolun müəllifi olan 33 yaşlı hücumçu rəsmi matçlarda 92 qolkiperi məyus edə bilməyib.

Onların arasında Azərbaycan millisinin və "Qarabağ" klubunun sabiq üzvü, hazırda "Səbail" klubunun məşqçisi olan Fərhad Vəliyev də var. Levandovski 2010/2011 mövsümündə Avropa Liqasının pley-off mərhələsinin hər iki görüşündə Ağdam klubuna qarşı meydanda olub.

Təcrübəli forvard Dortmundda 4:0 hesabı ilə qalib gəldikləri oyunun 70-ci, Bakıda 1:0 hesablı qələbəyə sevindikləri görüşün 61-ci dəqiqəsində meydana daxil olub. Polşalı oyunçu hər iki görüşdə Sindzi Kaqavanı əvəzləyib.

Qeyd edək ki, Robert Levandovskiyə qarşı ən çox oyun keçirən, amma ondan qol buraxmayan qapıçılar da bəllidir. Levandovski "Hoffenhaym"ın keçmiş üzvü Tom Ştarkeyə qarşı 5 dueldə fərqlənə bilməyib. Polşalı forvard İtaliya millisində oynanyan "Milan"ın qapıçısı Canluici Donnarumaya qarşı 4, Rusiya yığmasının və MOİK-in qapıçısı İqor Akinfeyevə qarşı isə 3 oyun keçirsə də, lakin fərqlənə bilməyib.

Təcrübəli oyunçu ən çox topu "Hoffenhaym"ın hazırkı qapıçısı Oliver Baumanla qarşılaşmalarda vurub - 17 qol. Levandovski avrokuklarda ilk qolunu isə "Lex"in heyətində ikən "Xəzər Lənkəran"ın qapıçısı Dmitri Kramarenkoya vurub. O, 2009-cu ildə UEFA Kubokunun II təsnifat mərhələsinin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyununda yeganə qolun müəllifi olub.

Xatırladaq ki, Levandovski FIFA-nın versiyasına əsasən 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

Son xəbərlər

Orphus sistemi