Riçard Almeyda "Qarabağ"ın çempionluğundan danışdı

Riçard Almeyda "Qarabağ"ın çempionluğundan danışdı İki gün öncə yerli assosiasiyanın qərarı ilə cari mövsüm ləğv olunub. Gələcək karyeramla bağlı hələlik heç nə bilinmir.
Futbol
19 İyun , 2020 13:21
Riçard Almeyda Qarabağın çempionluğundan danışdı

"İki gün öncə yerli assosiasiyanın qərarı ilə cari mövsüm ləğv olunub. Gələcək karyeramla bağlı hələlik heç nə bilinmir". 

Bunu "Report"a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun və Azərbaycan millisinin futbolçusu Riçard Almeyda komandadakı gələcəyi barədə danışarkən deyib.

Abu-Dabi təmsilçisi ilə müqaviləsi iyunun sonunda başa çatacaq Braziliya əsilli milləşmiş yarımmüdafiəçi bildirib ki, klubda qalıb-qalmayacağı sual altındadır: "Keçmiş baş məşqçi Vinfrid Şeferin müqaviləsi başa çatdığından, komandanın sükanı arxasına yenisi gətiriləcək. Hər şey ondan sonra məlum olacaq. Menecerim klubla danışıqları davam etdirir".

31 yaşlı oyunçu qış fasiləsində ayrıldığı "Qarabağ"a yenidən qayıtma ehtimalına da toxunub: "Hər şeyi zaman göstərəcək. "Qarabağ" mənim evimdir. Bu komandanı sevirəm".

Almeyda Azərbaycan Premyer Liqasının dayandırılması ilə bağlı qərardan sonra vaxtından əvvəl çempion elan olunan Ağdam təmsilçisini təbrik edib: "Komandanın çempion olması xəbərini mən də sosial şəbəkələrdə gördüm. Düşünürəm ki, "Qarabağ" Azərbaycanın ən yaxşı komandasıdır. Onlar hər il inkişaf etməyə can atırlar".

Qeyd edək ki, 2012-ci ilin iyununda “Qarabağ”a keçən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya transfer olmuşdu. 2019-cu ilin yanvarında icarə əsasında Ağdam təmsilçisinə qayıdan təcrübəli futbolçu bu ilin yanvarında "Baniyas"la 6 aylıq müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi