Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası (CONCACAF) Surinamın vitse-prezidenti Ronni Bryunsviyklə bağlı araşdırmalara başlayıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, yerli "İnter" klubunun prezidenti olan dövlət rəsmisi oyun alqı-satqısında ittiham olunur.
Sosial şəbəkələrdə onun CONCACAF Liqasında Honduras "Olimpiya"sı ilə matçdan sonra paltardəyişmə otağında rəqib komandanın futbolçularına pul payladığını əks etdirən video yayılıb.
Qurumdan bildirilib ki, matçın ədalətliliyini şəbhə altına salan məlum video ilə bağlı narahatlıq var: "İş araşdırıldıqdan sonra İntizam Komitəsinə göndəriləcək. Əlavə məlumat proses başa çatdıqdan sonra veriləcək".
Qeyd edək ki, Ronni Bryunsviyk "Olimpiya"ya 0:6 hesabı ilə uduzduqları matçda start heyətində meydana çıxıb və 54 dəqiqə oynayıb.