Rəşad Sadıqov: "Rəqib səhvlərimizə qarşı amansız idi"

Rəşad Sadıqov: "Rəqib səhvlərimizə qarşı amansız idi" "Maraqlı oyun alındı"
Futbol
9 Aprel , 2022 18:59
Rəşad Sadıqov: Rəqib səhvlərimizə qarşı amansız idi
Rəşad Sadıqov

"Maraqlı oyun alındı, rəqib bu matçda səhvlərimizə qarşı amansız idi".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXII tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis birinci hissədə rəqibə üstünlük vermədiklərini bildirib: "Ucuz qollar buraxdıq. Futbolçulardan narazı qala bilmərəm. Kim səhvlərdən daha yaxşı istifadə etsə, o da qələbə qazanacaq. Çox kobud səhvlər etdik. Bunlar oyunun dəyərinə və qiymətinə yaraşmadı. Belə olan halda qələbə qazanmaq müşkülə çevrilir".

Sadıqov birinci hissənin sönük alındığını söyləyib: "Sabah"a qarşı ilk yarıda istədiyin oyunu sərgiləmək çətindir. Amma səbrli davranıb müəyyən dəqiqələr keçdikdən sonra bu komandaya qarşı istədiyin oyunu nümayiş etdirmək olar. Ani diqqətsizsizlikdən hissənin sonunda qapımıza cərimə zərbəsi təyin olundu. Rəqib standart vəziyyətlərdə təhlükəlidir. Bu komandaya üstünlük verdikdən sonra görüşün taleyini dəyişmək asan deyil. Amma buna baxmayaraq hesabı bərabərləşdirdik. Görüş bizim üçün pis getmirdi. Daha sonra müdafiədə səhvlər oldu və rəqibin heyətində yetəri qədər usta futbolçular var ki, bunu bağışlamır".

Baş məşqçi komandasının buraxılan ilk qoldan sonra xarakter nümayiş etdirdiyini diqqətə çatdırıb: "Təhlükəli hücumlarımız oldu. Rəqib yaxşı müdafiə olunurdu və fərqlənməyimizə imkan vermədi. Komandanın çıxışından razıyam, yaxşı oyunlarımızdan birini keçirdik".

Mütəxəssis Davit Volkovun ürəksiz oynamadığını söyləyib: "O, çox yaxşı insandır. Özü ilə söhbətlərimiz olub. Təkliflərin olması və millinin aparıcı üzvlərindən birinə çevrilməsi psixoloji cəhətdən futbolçuya təsir edir. Mənim üçün oyunçunun qol vurub-vurmaması əsas göstərici deyil. Həmişə qol imkanlarından istifadə etmək mümkün deyil".

Sadıqov avrokuboklara vəsiqə qazanmaq istədiklərini deyib: "Bunun üçün sıx qrafikə hazır olmalıyıq. Heyətdə təcrübəli futbolçularımız var. Hazırda üçüncü pillədəyik. Qış fasiləsindən sonraya nəzər salsaq, uğurlu çıxış etdiyimizi deyə bilərik. Çox çətin qrafikə düşmüşdük. Bu matçlarda xal itkilərimiz gözlənilən idi. Yolumuza davam etməli və növbəti görüşləri düşünməliyik".

Baş məşqçi hakimlik haqqında danışmaq istəmədiyini söyləyib: "Keçmişdə olanlar heç nəyi dəyişməyəcək. Danışsaq, boş yerə əhvalımızı korlayacağıq. Önümüzə baxmalıyıq. Neqativ prosesləri kənara qoymalı və özümüzü düşünməliyik".

Gənc mütəxəssis oyunun sonlarında işlətdiyi "Rəşada gələndə qaydalar dəyişir" ifadəsinə də aydınlıq gətirib: "Orada bir epizod oldu. Əvvəlcə Təmkin Xəlilzadə rəqibi əllə itələdi, referi cərimə zərbəsi təyin etdi. Sonra isə bizim oyunçunu əllə itələsələr də, cərimə zərbəsi təyin olunmadı. Onu nəzərdə tuturdum. Elə də ciddi epizod deyildi. Hər ikisi mərkəzdə baş vermişdi".

Sadıqov digər baş məşqçilərlə müqayisədə 4-cü hakimlərlə daha az danışdığını, lakin daha çox diqqət mərkəzinə düşdüyünü söyləyib: "Bunun səbəbini bilirəm. Xırda bir söz deyəndə, ifadə səsləndirəndə dərhal mənə sual kimi ünvanlanır və ya sonradan mütəxəssislər şərh edirlər. Bunu başa düşürəm. Amma sizi inandırım ki, çempionatda Qurban Qurbanovdan sonra, 4-cü hakimlə ən azı danışan baş məşqçi mənəm. Bəli, elə epizodlar olur ki, dözülməz həddə çatırsan. Bilirəm ki, hazırda 3 sarı vərəqəm var. Komandanın yanıda daim olmağım çox vacibdir. Açığı, danışmağın bir mənasını da görmürəm. Danışanda da nə isə dəyişmir. Hətta baxırsan ki, səhvlər çoxalır və ya sərtləşir. Artıq danışıb özümü yormaqla diqqətimi yayındırmaq istəmirəm".

Son xəbərlər

Orphus sistemi