Rəşad Sadıqov: "Rəqib azlıqda qaldıqdan sonra konsentrasiyanı itirdik"

Rəşad Sadıqov: "Rəqib azlıqda qaldıqdan sonra konsentrasiyanı itirdik" "İlk dəqiqələr tam düşündüyümüz kimi oldu. Üstünlük qazana bildik, topa nəzarət edirdik. Ümumən ilk yarıda qırmızı vərəqəyədək yaxşı oynadıq. Rəqib azlıqda qaldıqdan sonra futbolçularım konsentrasiyanı itirdi. Say üstünlüyündən istifadə etməyə çalışırdıq.
Futbol
11 Sentyabr , 2021 22:34
Rəşad Sadıqov: Rəqib azlıqda qaldıqdan sonra konsentrasiyanı itirdik

"İlk dəqiqələr tam düşündüyümüz kimi oldu. Üstünlük qazana bildik, topa nəzarət edirdik. Ümumən ilk yarıda qırmızı vərəqəyədək yaxşı oynadıq. Rəqib azlıqda qaldıqdan sonra futbolçularım konsentrasiyanı itirdi. Say üstünlüyündən istifadə etməyə çalışırdıq. Sonda buna nail olduq və çox vacib qələbə qazandıq".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis oyunlarında dəyişiklik etməyə çalışdıqlarını bildirib: "Daha hücumameylli oynamaq istəyirik. Heyəti də bu düşüncə ilə komplektləşdirdik. Bəzən alınır, bəzən işlər düşündüyümüz kimi getmir. Ümumilikdə isə çıxışımızdan razı qaldım".

Təmkin Xəlilzadənin çıxışına toxunan Sadıqov onun universal oyunçu olduğunu söyləyib: "Mən onu sol cinah müdafiəçisi kimi düşünürəm. Üstünlüyümüz var idi. Elə olanda düşündüm ki, Qismət Alıyev sağda, Təmkin Xəlilzadə solda oynasın".

Baş məşqçi heyəti komplektləşdirmək istədiklərini deyib: "Hamı istəyir ki, heyət daha geniş olsun. Oyunda istər-istəməz liderlər ön plana çıxırlar. Düşünürəm ki, hər bir futbolçumuzda liderlik keyfiyyətləri var. Tam heyəti əvvəlcədən açıqlamaq düzgün deyil. Sağlam rəqabət olmalıdır. Rəqiblərimizin etdilkləri dəyişikliklərə görə oyununuzu formalaşdırırıq".

Sadıqov bu matça Azərbaycan Kubokunun yarımfinalında uduzduqları oyunun revanşı kimi əsla baxmadığını vurğulayıb: "Keşlə" onda finala çıxdı. Ola bilər ki, hansısa rəqib sənə qarşı kobudluq edər və onlara qarşı neqativ nə isə düşünərsən. Amma "Keşlə"yə qarşı bu yox idi".

O, qarşısında duran hədəflərdən də danışıb: "Hər bir baş məşqçi iddialıdır. Hamı yer tutmaq və hədəfinə çatmaq istəyir. Biz də imkan qədər yuxarı yerlər üçün oynayacağıq. Mən də, rəhbərliyimiz də bunu istəyir. Hər şey bizdən asılı deyil. Ən azı, buna çalışacağıq".

Millinin son oyunlarına da şərh verən mütəxəssis bunu aktual mövzu adlandırıb: "Fərq odur ki, millidə indi potensiallı futbolçu çoxdur. Keçmişdə komandamız daha ruhlu və istəkli idi. Hamının mehriban olduğu bir atmosfer var idi. Düşünürəm ki, daha yaxşı oynaya bilərik. Hətta baş məşqçi (Canni De Byazi - red,) də bu fikri deyir. Ümumiyyətlə, çox yaxşı oyunçularımız var. Yaxın zamanlarda daha yaxşı nəticələr əldə edə bilərik".

Son xəbərlər

Orphus sistemi