Rəşad Sadıqov: "Təqvim tərtib olunanda klublar da nəzərə alınmalıdır"

Rəşad Sadıqov: "Təqvim tərtib olunanda klublar da nəzərə alınmalıdır" "Belə edəcəklərini bilirdik"
Futbol
9 Mart , 2021 19:29
Rəşad Sadıqov: Təqvim tərtib olunanda klublar da nəzərə alınmalıdır
Rəşad Sadıqov

"Oyuna diqqətlə baxıb analiz etmək lazımdır. "Qarabağ" əlinə düşən fürsətdən belə istifadə edirsə, mübarizə aparmaq çətindir. Rəqibin ustalığına və potensialına bələd idik. Oyuna nəzarət onlarda idi, amma 100 faizlik şansları olmadı. Məyusuq, lakin "Qəbələ" ilə oyunu düşünməliyik".

"Report" xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XIX turunda evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis komandasının çoxlu top itkisinə yol verdiyini bildirib: "Rəqibin pressinqini də nəzərə almaq lazımdır. Belə edəcəklərini bilirdik. İkinci hissədə daha inamlı oynamağı planlaşdırırdıq. Düşünürdük ki, ilk hissə 0:0 hesabıyla bitsə, rəqib artıq tələsəcək İki zərbə oldu, onlar da qolla nəticələndi. "Qarabağ" inamlı şəkildə pressinq edirdi, bu da biz tərəfdən top itkilərinə səbəb olurdu. İkinci yarıda oyuna nəzarət etdik. Matçı çevirmək mümkün olmadı, qol epizodu yarada bilmədik. "Qarabağ" Çempionlar Liqasında oynayır. Biz isə orada oynamağa hazır deyilik".

Matçın 84-cü dəqiqəsində zədələnərək meydanı tərk edən Klesio Baukun durumuna da toxunan Sadıqov son vaxtlar hücum xəttində çıxış edən oyunçuların sıradan çıxmasının fiziki hazırlıqla bağlı olmadığını vurğulayıb: "Baxırsan ki, yıxılır, çiyni çıxır. Bu gün Klesio qaçdığı yerdə ayaq biləyi burxuldu. Ümid edirəm ki, zədəsi ciddi deyil. Sıx qrafikdə oynamaq çətindir. Yanvarda proqramımız dəyişdi. Gərək, qrafik tərtib olunanda həm milli, həm də klublar nəzərə alınsın. Heyətimiz kasad olduğu üçün oynamaq çətindir. Ağabala zədədən qayıtmışdı, onu qorxa-qorxa oynadıram. Şikayət etmirəm, amma çalışacağıq ki, bu vəziyyətdən çıxaq".

Baş məşqçi sağ cinah müdafiəçisi Sərtan Taşkından narazı qaldığını söyləyib: "Son oyunlarda yaxşı çıxış edirdi. Lakin bu gün ondan narazı qaldım. İlk 5 dəqiqədə onun cinahından təhlükəli hücumlar gəldi. İmkanım olsaydı, 20-25-ci dəqiqədə dəyişərdim. Lakin mən belə şeyləri sevmirəm. Özünə də demişəm,bu gün ondan çox narazı qaldım. Potensialı var, amma özünə bənzəmirdi".

Son xəbərlər

Orphus sistemi