Rəşad Sadıqov: "Hər qələbə çox önəmlidir"

Rəşad Sadıqov: "Hər qələbə çox önəmlidir" Rəşad Sadıqov "Səbail"lə oyundan danışdı
Futbol
28 Fevral , 2022 19:44
Rəşad Sadıqov: Hər qələbə çox önəmlidir
Rəşad Sadıqov

"Çempionatın elə bir mərhələsindəyik ki, hər bir xal, qələbə çox önəmlidir”.

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: “Səbail”lə səfərdə oynamaq bütün komandalara ağırdır. Xüsusən də, oyunlarında böyük əzmkarlıq var. Bir faktı vurğulayım ki, “Qarabağ”ın çempionatda yeganə məğlubiyyəti bu meydanda olub. Bu, adamı düşünməyə vadar edir. İlk dəqiqələrdən üstünlüyə yiyələnməyə, öz oyunumuzu göstərməyə çalışdıq. Rəqib matçın əvvəlində ikinci zonada bizə pressinq tətbiq edirdi. Hücumlarımızı inkişaf etdirməyə imkan vermirdilər. İkinci yarı bizim üçün daha yaxşı keçdi, hücumda fəal oynamağa çalışdıq. Qol imkanlarımız da oldu. Onlardan istifadə etmədiyimiz üçün rəqibin son dəqiqələrdə əzmkarlığı daha da artdı".

Sadıqov “Səbail”in hər xal üçün vuruşan komanda olduğunu söyləyib: “Bu komandaya turnir cədvəlində sonuncu yeri vermərsən. Kubokda bizə böyük hesabla uduzmalarına baxmayaraq, çempionat matçında bizə qarşı çox yaxşı çıxış etmişdilər. “Sumqayıt”la ev, “Qəbələ” ilə səfər matçlarında da belə olmuşdu. Bu gün də mübarizə apardılar. Hesab arasındakı fərqi də artıra bilmədiyimiz üçün son dəqiqələr bizim üçün gərgin keçdi. Şükürlər olsun ki, müdafiədə səhv etmədik, etibarlı oynadıq. Uzaq məsafədən zərbələri və standart vəziyyətləri çıxmaq şərtilə, bəlkə də, rəqibə qol imkanı da vermədik”.

Baş məşqçi 5-ci pillədəki “Sabah”ı 8 xal qabaqlamalarına baxmayaraq, hələlik avrokuboklar barədə düşünmədiklərini vurğulayıb: “Ötən mövsüm də qış fasiləsindən sonra bizi erkən avrokuboklarda görənlər çox idi. Amma onda da deyirdik ki, hələ tezdir. Çiyinlərimdə böyük təcrübə var, belə oyunları, yarışları çox görmüşəm. Zərrə qədər rahatlaşmağın fəsadları pis ola bilər. “Sabah” da iddialı komandadır. Yeni baş məşqçi təyinatından sonra da möhtəşəm futbol nümayiş etdirirlər. Son turlarda uduzmalarına baxmayaraq, bəlkə də, heç bir oyunda məğlubiyyətə layiq deyildilər. Əminəm ki, sona qədər mübarizə aparacaqlar. Qarşıda bizi çox gərgin 11 tur gözləyir. Sonadək də mübarizə aparmalıyıq”.

Son xəbərlər

Orphus sistemi