Rəşad Sadıqov: "Qarabağ"la "Zirə" arasında danışıq həyatı boyu ola bilməz"

Rəşad Sadıqov: "Qarabağ"la "Zirə" arasında danışıq həyatı boyu ola bilməz" "Məğlubiyyət məyusedici, həm də qürurvericidir. Futbolçularımla fəxr edirəm. "Qarabağ"a qol şansı vermirdilər. Buraxdığımız qol zamanı azlıqda qalmışdıq. Qismət Alıyev zədəli idi. Rəqib də bundan maksimum yararlandı. Penaltilər seriyasında zərbə vuran oyu
Futbol
27 May , 2022 22:07
Rəşad Sadıqov: Qarabağla Zirə arasında danışıq həyatı boyu ola bilməz
Rəşad Sadıqov

"Məğlubiyyət məyusedici, həm də qürurvericidir. Futbolçularımla fəxr edirəm. "Qarabağ"a qol şansı vermirdilər. Buraxdığımız qol zamanı azlıqda qalmışdıq. Qismət Alıyev zədəli idi. Rəqib də bundan maksimum yararlandı. Penaltilər seriyasında zərbə vuran oyunçumuz qalmamışdı. Bununla belə, hər kəsə təşəkkür edirəm".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Qəbələdə "Qarabağ"a uduzduqları Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

40 yaşlı mütəxəssis bildirib ki, bir tərəfdə futbolumuzun favoriti, digər tərəfdə istəkli, əzmkar sona qədər mübarizə aparan komanda var idi: "Oyunda maraqlı hadisələr baş verdi. İlk hissədə rəqibə qol imkanı vermədik və onların səhvini gözlədik. Həmin səhvdən də istifadə elədik. Düşünürəm ki, matçın qırılma anı 1:0 öndə olarkən Şahruddin Məhəmmədəliyevin seyvi oldu. İkinci hissədə rəqib hücuma atıldı. Biz meydanda azlıqda olarkən möhtəşəm qol vurdular. Həmin andan sonra “Qarabağ” daha rahat oynamağa başladı. Oyun artıq döyüşə çevrilmişdi. Futbolçularım sona qədər dözdü, penaltilər seriyasına qədər gətirdilər".

O, “Qarabağ” “Qızıl dubl”a layiq olduğunu söyləyib: "Bu görüş bizim üçün böyük dərs oldu. Qarşılaşmadan əvvəl də uşaqlara deyirdim ki, bəzən potensialınızı bilmirsiniz. Bu oyun bizə dərs oldu ki, böyük komandalara qarşı da oynaya bilərik. Penalti vuran futbolçularımızın zədələnməsi bizim ziyanımıza oldu. Qismət və Təmkin zədələndi. Futbolçularım möhtəşəm mövsüm keçirdi. Titul qazana bilərdik. Ancaq sonluq çox çətin qrafiklə getdi. Bu qrafikdən də maksimum çıxa bildik”.

Baş məşqçi Təmkin Xəlilzadənin erkən əvəzlənməsinin səbəbini də açıqlayıb: "Birinci hissədə əvəzlənməyini istədi. Amma həkimlərlə danışdıq ki, 10-15 dəqiqə də saxlayaq. Fasilədən sonra dəyişməli olduq. Hücumameylli oyunçu buraxa bilməzdik. Təhlükəli hücumlarımız da oldu. Volkovun asmasına Keyta toxuna bilmədi. Komandamın penalti vuran 3 oyunçusundan ikisini məcburiyyətdən əvəzlədik. Qələbənin bir addımlığında idik, olmadı. Bugünkü məğlubiyyətimiz qələbəyə bərabərdir. Bundan düzgün nəticə çıxarmaq lazımdır".

Sadıqov Davit Volkovun penalti zərbəsini inamsız yerinə yetirməsinə də toxunub: "Yaxşı penalti vuran futbolçumuz az idi. Bir zərbəyə görə futbolçuya qiymət vermək düzgün deyil. Həyəcan olur, 120 dəqiqəlik mübarizədən sonra topa yaxınlaşırsan. “Qarabağ”ın sol cinahı çox güclü idi, Volkov da əziyyət çəkdi. Abdullah Zubirin qolunadək rəqib imkan vermirdik. Builki “Qarabağ” fərqlidir. Onlara boşluq vermək olmaz. Qurban müəllimin digər məşqçilərdən fərqi ondadır ki, futbol inkişaf etdikcə, o da inkişaf edir. Təbii ki, uduzmağımız üzücüdür. Sonda Ramil Şeydayevin təhlükəli epizodu oldu. Qol epizodları da futbolun bir hissəsidir".

Matçdan öncə Qurban Qurbanovla dostluğunun qabardılmasına münasibət bildirən mütəxəssis futbolda təcrübəli olduğunu bildirib: "Danışan insanlar həmişə olub, olacaq da. Biz avrokuboklara ilk dəfə düşəndə deyirdilər ki, "Zirə" "Qarabağ"ın layihəsidir. Bu söhbətləri 15 ildir eşidirəm. Çempionatımızda o qədər şübhəli oyunlar olub ki... İstər hakim qərarı, istər iki klub arasında münasibət. Amma heç biri bizim qədər müzakirə edilməyib. Bu komandalar arasında danışıq həyatı boyu ola bilməz. Ötən il bərabərə qaldıq, “Sumqayıt” üçüncü yeri tutdu. Bu il də heç-heçə etdik. Hətta həmin oyunda qələbə qazanmaq şansımız yox idi. Qalib gəlib, “Neftçi” önünə daha rahat çıxa bilərdik. Bu söhbətlər ya qəsdən edilir, ya da cahillikdən. Mənə xal lazım olmasa, “Qarabağ”ın çempionluq matçı olsa, yenə sona qədər vuruşacağıq. Və ya əksinə olarsa, “Qarabağ” vuruşar. Biz heç vaxt Allahın qədərinə qarşı ola bilmərik".

Baş məşqçi heyətə yeni futbolçuların cəlb olunacağını istisna etməyib: "Həyatda hər zaman sınaqlar içində olmuşam. Həmişə də bir yolum olub, irəli baxmaq. Uğurlu nəticələrimiz də, səhv etdiyimiz anlar da olub. Müqaviləsi bitən oyunçularımız var, transferlər olacaq. Konkret mövqe düşünməmişik, amma 4-5 keyfiyyətli futbolçu almaq istəyirik. Azərbaycanda transfer bazarı ən problemli yerdir. Maraqlandığımız futbolçular var. Amma çoxunun müqaviləsi davam edir. Mənim üçün vacib olan yaş yox, işə yanaşmadır. Kimlərin gedəcəyinə qarşıdakı günlərdə aydınlıq gələcək. Hələ heç kimlə bu barədə danışıq aparmırdım. Yəqin ki, 4-5 gün ərzində bununla məşğul olacağıq. Artıq 10 ildir “Qarabağ”da potensial rəqibləri izləyirik. 2-3 il əvvəl “Yanq Boyz”, “Bazel” kimi rəqblər olub. Rəqibin kimliyi müəyyən rol oynayır. Amma avrokuboklara yaxşı hazırlaşmaq daha vacibdir. Qurban müəllim əvvəllər həmişə toplanışa tez başlayırdı. Biz də həmin praktikadan istifadə etməyə çalışacağıq".

Onun fikrincə, futbolda oyunçu keyfiyyəti və ya pul hər şey deyil: "Hər şey olsaydı, "Reyncers" Avropa Liqasının qrupunda olmazdı. Bir çox futbolçumuz əvvəlki klublarında sabit olmayıblar. Keçən il də mövsümü uğurlu başa vurduq. Bu il daha yaxşı nəticə əldə edə bilərdik. Bəlkə də, ikincilik uğrunda yarışa bilərdik. “Neftçi”yə qarşı matçda son dəqiqə qolu buraxdıq, “Qəbələ” önünə yorğun çıxdıq. Müasir futbolda inanmaq, döyüşkənlik böyük rol oynayır. Təbii ki, daha keyfiyyətli oyunçularla rotasiyalar edə, fərqli işlər görə bilərsən. Amma karyeradan çox çalışmaq önəmlidir. İkinci dövrədən rəqiblər bizə qarşı fərqli oynayırdılar. Bu mərhələdə keyfiyyətimizi də mütləq artırmalıyıq".

Sadıqovun sözlərinə görə, "Qarabağ" azarkeşlərinin həyatında, karyerasında yerləri başqadır: "Bu sevgini bu gün də göstərmələri qürurvericidir. Bu, hər bir futbolçu üçün xoş olar".

Mütəxəssis bildirib ki, klub rəhbərliyi danışmaqdan çox işləməyə üstünlük verir: "Daim yanımızdadırlar, dəstəkləyirlər. Məni bu klubda işləməyə motivasiya edən rəhbərliyimiz, azarkeşlərimizdir. Növbəti mövsümün büdcəsi hələ müəyyənləşməyib. Amma bu gün futbola pul ayırmaq asan məsələ deyil. Bu insanları daha da dəstəkləməliyik ki, motivasiyalı olsunlar".

Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan titula sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi