Rəşad Sadıqov: "Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm"

Rəşad Sadıqov: "Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm" "Qarabağ"ın futbolçusu oyunu dəyərləndirib
Futbol
27 Sentyabr , 2017 23:41
Rəşad Sadıqov: Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Oyundan qabaq ancaq qələbə haqda düşünürdüm. Düzdür, rəqib güclü olsa da, yaxşı nəticə qazanmağın mümkünlüyünə inanmışam.

Oyunun əvvəli bizim üçün çox gözlənilməz başladı".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Çempionlar Liqasının (ÇK) qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi "Roma"ya 1:2 hesablı məğlubiyyətdən sonra deyib.

Ağdam təmsilçisinin kapitanı bildirib ki, "Qarabağ" ən azı bir xal qazanmağa yaxın olub: "ÇL-in iki oyununa böyük həyəcanla başlayırıq. Nə qədər istəsək də, başqa cür olsun, yenə də rəqibin ustalığı, özümüzün həyəcanı ilk dəqiqələrdə problem yaradır.

Şükür, komanda sınmadı və oyunda dönüş yarada bildik, qol vurduq. Xüsusilə ikinci hissədə yaxşı imkanlarımız oldu. Amma istifadə edə bilmədik. Ən azı bir xal qazana bilərdik. Təəssüf ki, bunu bacarmadıq".

R. Sadıqov "Roma"nın hücumçusu Edin Dzekonun 15-ci dəqiqədə fərqləndiyi epizoda da toxunub: "Rəqibin düşünülmüş hücumları var. Topu bir ötürmə ilə müdafiənin arxasına atdıqların bilirdik. Ötürmə cərimə meydançasına keçdisə, üstünlük hücumçudadır. Qorxursan ki, kobudluq edib, penalti qazanarsan. 

Dzeko çox yaxşı hücumçudur. Qüvvətli, texnikalıdır, kordinasiyası yaxşıdır. Bu tip hücumçulara qarşı cərimə meydançasının içində oynamaq çox çətindir".

Kapitanın sözlərinə görə, "Roma"nın futbolçuları ikinci hissədə nəticəyə görə narahat olublar: "Fikirləşirdilər ki, birdən xal itirərlər. Hakimliyə fikir vermirdim. Atmosfer möhtəşəm idi. Dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Düşünürəm ki, gəlməklərinə peşman olmadılar. Onları yaxşı nəticə ilə sevindirmək istərdik. Amma alınmadı. 

Sonuncu dəqiqədə çox yaxşı imkanımız oldu. Top dirəyin yanından keçdi. Fikirləşdim ki, top artıq qapıdadır. Təəssüf ki, Dinonun zərbəsi qapıdan keçmədi. Yaxşı kombinasiya qurmuşduq".

Son xəbərlər

Orphus sistemi