"Futbolçularıma təşəkkür edirəm. Xeyli problemə rəğmən sonadək mübarizə apardıq".
"Report"un məlumatına görə, bu fikirləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov səfərdə "Səbail"lə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə komandasının üstünlüyü daha qabarıq görünürdü: "Fasilədən sonra isə təşəbbüs gah bu, gah da digər komandanın tərəfinə keçirdi. Bir xala üzülmürük, bunu qənaətbəxş sayıram".
Sadıqov futbolçularına göstərilən sarı vərəqələr barədə danışmaq istəmədiyini söyləyib: "Həmin epizodlarda etiraz etdik. Amma şərh vermək istəmirəm".
Baş məşqçi gənc müdafiəçi Cəlal Hüseynovun çıxışına da toxunub: "Onun oyunu bizi sevindirir. Cari mövsümdə yetərincə şans qazanır. Mövqeyi səhv etməyə imkan vermir. Çalışıram ki inkişafdan geri qalmasın".
Sadıqovun sözlərinə görə, daha keyfiyyətli futbol oynamaq üçün yaxşı futbolçu lazımdır: "Futbolçu özü yetişmir, onları yetişdirmək lazımdır. 90 dəqiqə yüksək tempdə oynamaq üçün buna pillə-pillə gəlmək lazımdır. Futbolçu 60 dəqiqədən sonra yorulubsa, bu, iki səbəbdən ola bilər: ya fizikası zəifdir, ya da onu məşqdə yükləmisən. Meydanda gördüyünüz 90 dəqiqə son mərhələdir. Hesab edirəm ki, mütəxəssislərimizin əlində daha geniş imkan olsa, daha böyük işlər görə bilərlər".