“Region Liqası”nın peşəkarları - SİYAHI - ARAŞDIRMA

“Region Liqası”nın peşəkarları - SİYAHI - ARAŞDIRMA AFFA-nın iki ildir keçirdiyi yarışdan ən böyük gözlənti rəngarənglik və sağlam rəqabətin vəhdətidir
Futbol
24 Oktyabr , 2018 11:20
“Region Liqası”nın peşəkarları - SİYAHI - ARAŞDIRMA

Bakı. 23 oktyabr. REPORT.AZ/ AFFA-nın ikinci mövsümdür təşkil etdiyi “Region Liqası”nda həvəskarlardan ibarət komandalar yarışsa da, rəngarəngliyi ilə seçilən turnirdə sabiq peşəkar futbolçular da çıxış etməkdədir.

“Report”un araşdırmasından sonra məlum olub ki, ötən mövsüm peşəkar klubların formasını geyinmiş 50 oyunçu bu ilin yayında “Region Liqası”na üz tutub. “Baku” – 11, “İmişli” 10, “Şahdağ”, “Uğur” və “Ağsu Siti” hərəyə 6, “Alyans”, “Şirvan” və “Tufan” hərəyə 2, “Şirvanovka”, “Energetik”, “Şamaxı”, “Göyəzən” və “Füzuli” isə hərəyə 1 belə futbolçunu heyətinə qatıb.

“50-lik”də yer alan məşhurlar

Özü də, “50-lik”də kifayət qədər tanınmış simalar var. Məsələn, ötən mövsüm “Səbail”də çıxış etmiş Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov. Karyerası ərzində “Qarabağ”, “Qəbələ”, “Xəzər Lənkəran”, “Keşlə” kimi komandaların formasını geyinmiş 31 yaşlı forvard “Baku”nun heyətində yer alıb. O, cari mövsümdə vurduğu 6 qolla bombardirlik yarışında “Şahdağ”ın oyunçusu Sərxan Ağayevdən 2 top geri qalır.

Ötən mövsüm I Divizonda “Qaradağ Lökbatan”da forma geyinmiş Ruslan Poladov isə hazırda “Uğur”unun üzvüdür. 38 yaşlı müdafiəçi “Xəzər Sumqayıt”, “Gənclərbirliyi”, “Standard”, “Rəvan”, “Xəzər Lənkəran”, “Simurq”, “Keşlə”, “Zirə”, “Sumqayıt”, “Şəmkir” kimi komandalardan sonra həvəskarlar liqasında futbol həyatına davam edir.

“Xəzər Lənkəran”ın yetirməsi Kamran Abdullazadə “Kəpəz”dən sonra “Baku”ya yollanıb. Paytaxt təmsilçisinin heyətində yaxın keçmişdə Premyer Liqa klublarında çıxış etmiş Ceyhun Cavadov, Elvin Həsənəliyev, Hüseyn Axundov kimi oyunçular da var.

Azərbaycan millisinin sabiq futbolçusu Tural Cəlilov isə “Kəpəz”in I Diviziona düşməsində sonra “Şahdağ”a gedib. Sol cinah müdafiəçisi olmasına rəğmən, cari mövsümdə 6 qol vuran Cəlilov karyerası ərzində “Xəzər Lənkəran”, “Rəvan”, “Simurq”, “Zirə” kimi komandaların uğurları üçün çalışıb.

Çimərlik futbolu üzrə Azərbaycan millisinin futbolçusu Sabir Allahquliyev də paralel olaraq, “Uğur”da çıxış edir. 30 yaşlı hücumçu bir dönəm “Sumqayıt” və “Kəpəz”də, eləcə də I Divizionda bəzi komandalarda oynayıb.

2012-ci il oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter”i ilə ev oyununda “Neftçi”nin start heyətində yer almış Kamil Nurəhmədov indi Qusarın “Şirvanovka” kollektivinin formasını geyinir. Azərbaycan millisinin futbolçusu Rahid Əmirquliyevin qardaşı Fair də bu komandadadır.

“Region Liqası”nda çıxış edən klubların heyətlərinə nəzər saldıqda “Qəbələ”dən tanış olan Müşfiq Teymurova, “Rəvan”, “Sumqayıt” və “Bakı”dan xatırlanan Mikayıl Rəhimova da rast gəlmək mümkündür.

Yeri gəlmişkən, I Divizionda çıxış etmiş “Mil-Muğan”ın fəaliyyətini dayandırmasından sonra İmişli komandasının 10 futbolçusu şəhərin eyniadlı təmsilçisinə qoşulub.

Bu yay “Region Liqası”na pənah gətirənlərdən savayı, yarışın ilk mövsümündən bura yön alan sabiq peşəkarlar da var. Eləcə də ötən mövsüm heç bir komandada oynamayıb, indi həvəskarlara qoşulanlara rast gəlinir. Məsələn, Azərbaycan millisinin sabiq müdafiəçisi Cəmşid Məhərrəmov. “Bakı”nın yaxşı vaxtlarında kapitanı olmuş, “Rəvan”ın heyətində danışılmış oyunlarda iştirakı qismən sübuta yetirildiyi üçün 2016/2017 mövsümünün sonuna qədər futboldan uzaqlaşdırılmış 35 yaşlı oyunçu indi “Füzuli”dədir.

Ümumilikdə, “Region Liqası”nda 2018/2019 mövsümü üçün 869 futbolçu, 27 məşqçi, 18 klub və 13 komanda rəsmisi qeydiyyatdan keçib.

Yay fasiləsində "Region Liqası"na gələn peşəkarlar:

“Bakı”: Vüqar Nadirov, Kamil Hüseynov, Ruslan Həsənov, Kamran Abdullazadə, Tərlan Qasımzadə, Qeyrət Əliyev, Elvin Həsənəliyev, Ceyhun Cavadov, Hüseyn Axundov, Sənan Bayramzadə, Sergey Markelov

“İmişli”: Samir Babayev, Elxan Məmmədov, Əliqulu Mənəfov, Çərkəz Həsənov, Əzəmət Museyibov, Allahverdi Fərzəliyev, Elnur Məmmədov, Coşqun Kərimli, Nicat Fərəcli, Bayram Əliyev

“Şahdağ”: Tural Cəlilov, Vüsal Səfərov, Elməddin Hüseynzadə, Sərxan Ağayev, Viqar Əlibabayev, Vüqar Asəliyev

“Uğur”: Emin Mustafayev, Ruslan Poladov, Kənan Məmmədov, Sabir Allahquliyev, Mikayıl Rəhimov, Samir Quliyev

“Ağsu Siti”: Aydın Qasımov, Bəhlul Əliyev, Arzuman Nəsibov, İsa Cəbiyev, Rəvan Kərimov, Əlimərdan Əlimərdanlı

“Alyans”: Elvin Mirzəyev, Qurban Hüseynov

“Şirvan”: Müşfiq Teymurov, Elnur Mustafazadə

“Tufan”: Kamal Həsən-Pur, Elxan Həsənli

“Şirvanovka”: Kamil Nurəhmədov

“Energetik”: Kamran Həsənzadə

“Şamaxı”: Cavid Heydərov

“Göyəzən”: İlkin Allahverdiyev

“Füzuli”: Nicat Quliyev

“Region Liqası”nın təşkilində məqsəd bölgələrdə futbola marağın artırılması, komandalarının inkişafına dəstək, futbolçularının ustalığının yüksəldilməsi, sağlam həyat tərzinin təbliği və kütləviliyin artırılmasıdır.

Yarışın keçirilməsini və nəzarəti AFFA-nın İşçi Qrupu (Regional Futbol Federasiyaları İctimai Birliyi, Məşqçilər Komitəsi, Kütləvi Futbol Departamenti, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsi) həyata keçirir.

Beş zonanı birləşdirən həlqə

“Region Liqası” 5 zona üzrə təşkil olunur - Paytaxt və Şimal, Cənub, Mərkəz, Şimal-Qərb və Qərb. Naxçıvan Muxtar Respublikasında keçirilən Region Liqası 5-ci zona olaraq qəbul edilib.

Reqlamentə əsasən, I mərhələ Paytaxt və Şimaldan, Mərkəzdən, Şimal-Qərb və Qərbdən hərəyə 7, Cənubdan 6 komanda olmaqla, 4 qrup üzrə 2 dövrədən ibarət dairəvi sistemlə (ev - səfər) oynanılır.

Naxçıvan Muxtar Respublikasında isə 9 komanda yarışır. Bu bölgə istisna olmaqla, hər zonada qrupda ilk 3 yeri tutan komanda I pley-off mərhələsinə vəsiqə qazanacaq. Burada rəqiblər püşkatma vasitəsi ilə müəyyənləşəcək. Püşkatma komandaların qruplarda tutduqları yerlərə əsasən həyata keçiriləcək.

I pley-offa yüksələn 12 komandanın hər biri rəqibi ilə 2 oyun (ev səfər ) keçirir. Bu mərhələdə eyni zonadan oynayan komandalar bir-biriləri ilə qarşılaşa bilməz. Qalib olan 6 komanda II pley-off mərhələsinə yüksəlir. Burada da komandalar 2 oyun (ev - səfər ) keçirir və qalib 1/2 finala vəsiqə qazanır.

1/2 final mərhələsinə II pley-off mərhələsindən 3, eyni zamanda Naxçıvan MR-in qalib komandası vəsiqə əldə edəcək. Bütün matçlar, o cümlədən final və 3-cü yer uğrunda görüş neytral meydanda 1 oyun olmaqla keçiriləcək.

“Region Liqası”nın qalibi UEFA Regionlar Kubokunda Azərbaycanı təmsil edir.

 Zonalar üzrə liqaların iştirakçıları

“Region Liqası”nda ümumilikdə 36 komanda mübarizə aparır. Zona sayı 5 olsa da, Mərkəz və Cənubda komandalar iki bölgəyə bölünüb.

Paytaxt və Şimal (7)

“Baku”, “Tufan”, “Gənclik İK” (hamısı Bakı), “Şahdağ”, “Şirvanovka” (hər ikisi Qusar), “Uğur” (Sumqayıt), “Şıxlar” (Qobustan)

Mərkəz və Cənub (13)

Mərkəz: “İmişli”, “Ağsu Siti”, “Füzuli”, “Şamaxı”, “Kürdəmir”, “Gənclik” (Sabirabad), “Araz” (Saatlı)

Cənub: “Astara”, “Neftçala”, "Salyan", “Alyans” (Lənkəran), “Ərkivan” (Masallı), “Ümid” (Cəlilabad)

Şimal-Qərb və Qərb (7)

“Göyəzən” (Qazax), “Şirvan” (Ağdaş), “Energetik” (Mingəçevir), “Kürmük” (Qax), “Qoşqar” UGİM-2 (Gəncə), “Şəki”, “Oğuz”

Naxçıvan (9)

“Araz”, “Arpaçay”, “Babək”, “Universitet”, “Kəngərli”, “Əlincə”, “Sədərək”, “Dübəndi”, “Batabat”

17 min manatlıq mükafat fondu

“Region Liqası”nda ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla, AFFA-nın diplomları və pul mukafatı ilə təltif olunacaqlar. 1-ci yerə 10 min manat, 2-ci yerə 5 min manat, 3-cü yerə isə 2 min manat nəzərdə tutulub.

Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçiləcək və onlar da hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnirin ilk qalibi Sumqayıtın “Uğur” komandası olub.

"Region Liqası"nın üstünlükləri

Yarışın Əsasnaməsində bir sıra tələblər yer almaqdadır. Məsələn, “Region Liqası”nda Azərbaycan vətəndaşı olmayan oyunçular sifariş edilə bilməz. Ancaq istisna hal kimi ən azı 2 il ərzində Azərbaycanda yaşayan və heç bir futbol fəaliyyəti olmayan şəxslər liqada həvəskar olaraq iştirak edə bilərlər.

Mövsüm ərzində peşəkar futbol oynayanlar “Region Liqası”nda hər hansı komandaya müvafiq mövsüm ərzində transfer oluna bilməz.

“Region Liqası” yeni yarış olsa da, artıq özünü doğrultmaqda olan layihədir. Turniri cəlbedici edən əsas məqam burada bölgələri təmsil edən komandaların mübarizə aparmasıdır. Əlbəttə, yarış həvəskar status daşıdığı üçün bəzən futbolçular arasında davalara, hakimlərə qarşı fiziki təzyiq göstərilməsi hallarına rast gəlinir. Lakin cəza mexanizmi işlək olacağı təqdirdə, belə xoşagəlməz olaylar da tədricən aradan qalxacaq.

“Regionlar Liqası” bölgələrin bir araya gəldiyi maraqlı platformadır. Yarışdan ən böyük gözlənti rəngarənglik və sağlam rəqabətin vəhdətidir. 

Son xəbərlər

Orphus sistemi