Rauf Əliyev: "Milliyə çağırılmaq fikrini beynimə salmıram"

Rauf Əliyev: "Milliyə çağırılmaq fikrini beynimə salmıram" "Səbail"in futbolçusu Rauf Əliyevin "Report"a müsahibəsi
Futbol
25 Sentyabr , 2020 17:12
Rauf Əliyev: Milliyə çağırılmaq fikrini beynimə salmıram
Rauf Əliyev

"Səbail" klubunun futbolçusu Rauf Əliyevin "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasında 3 turdan sonra "Səbail"in xalı yoxdur və komanda sonuncu pillədə qərarlaşıb. Mövsümə uğursuz startın səbəbini nədə görürsünüz?

- Son sırada olmaq, həqiqətən, çox pisdir. Bütün komandaların xalı var, bizdə isə yoxdur. Bu, əhval-ruhiyyəni korlayır. Amma inanıram ki, vəziyyəti düzəldəcəyik. Komanda vaxtında toplaşa bilmədi, bəzi futbolçular düşərgəyə gec qoşuldular. Bu cür gecikmələr mövsümə yaxşı start verməyimizə mane oldu. Rəqiblərimiz isə bizdən daha hazırlıqlıdır. Ümid edirəm ki, özümüzdə güc tapıb bunun öhdəsindən gələ biləcəyik.

- Mövsümün əvvəlində komanda ilə bağlı qeyri-müəyyənlik var idi. Bunu baş məşqçi Aftandil Hacıyev də dəfələrlə bildirib. Hazırkı vəziyyət necədir: Problemlər aradan qalxıb?

- Bu gün üçün heç bir problemimiz yoxdur. Rəhbərlik komanda ilə görüşdü. Hər şey qaydasına düşüb. Mövsümöncəsi problemlər artıq həllini tapıb. Yalnız meydana çıxıb mübarizə aparmalı və qələbə qazanmalıyıq. Yuxarı pillələrdə qərarlaşmaq istəyirik.

- Maaşların ödənilməsində gecikmələr var idi...

- Artıq bu məsələ də yoluna qoyuldu. Problem deyəndə birinci növbədə maliyyə, ardınca xırda məsələlər gəlir. Dediyim kimi, indi maliyyə ilə bağlı problem yoxdur.

- İlk 3 oyunun hər birində meydana çıxmısınız və 1 qol vurmusunuz. Öz çıxışınızı necə dəyərləndirirsiniz?

- Cəmi 3 tur geridə qalıb. Hələ heç nə bilinmir. Formada olduğumu düşünürəm. Mövsümün əvvəlində zədəm var idi, artıq tam sağalıb. Komandamın yaxşı nəticə qazanması üçün əlimdən gələni edəcəyəm.

- Cari mövsümdə qarşınıza qol sayı ilə bağlı məqsəd qoymusunuz?

- Xeyr, heç vaxt qarşıma qol sayı ilə bağlı hədəf qoymuram. Hücumçuyamsa, işim qol vurmaqdır. Bacardığım qədər çox fərqlənməyə çalışacağam. Əsas olan komandamızın nəticələridir. Məğlub olanda qol vurmağın heç bir mənası qalmır. Əhval-ruhiyyə pis vəziyyətdə olur.

- Çempionatın IV turunda rəqibiniz "Sabah" klubu olacaq. Masazır təmsilçisi hazırda 6 xalla turnir cədvəlinə başçılıq edir. Liderlə matçdan nə gözləyirsiniz?

- Rəqibdən çəkinmirik. Belə olsa, gərək meydana çıxmayaq. İlk turlardakı nəticələr göstərir ki, hər bir komandanın digərindən xal alması mümkündür. "Sabah" heyətinə, başqa amillərə görə bizdən üstün ola bilər. Amma evdə oynayırıq, asan təslim olmayacağıq. Çalışacağıq ki, pis gedişata son qoyaq.

- Çoxdandır Azərbaycan millisinə çağırılmırsınız. Yığmanın yeni baş məşqçisi Canni De Byazidən dəvət gözləyirsiniz?

- Milli komanda elə yerdir ki, hər bir futbolçu orada oynamaq istəyir. Çağırarlarsa, başqa məsələ. Dəvət gəlməsə belə, mənim üçün problem deyil. Bu fikri o qədər də beynimə salmıram. Əsas odur, "Səbail"də özümü göstərim. Sonrasına baxaram.

- Sabiq komandanız "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə qarşılaşacaq. Siz özünüz də avrokuboklarda bu ölkənin təmsilçisinə qarşı oynamısınız. Necə düşünürsünüz, Azərbaycan çempionu "Legiya" səddini keçə bilər?

- Polşa klubları hər zaman güclü olub, avrokuboklarda inamlı çıxış ediblər. Futbol ölkəsidir, amma "Legiya"nın necə komanda olduğunu bilmirəm. "Qarabağ"a uğurlar arzu edirəm. İnanıram ki, Varşavadan uğurlu nəticə ilə qayıdacaqlar.

Son xəbərlər

Orphus sistemi