"Komandamıza bugünkü oyunda uğurlar arzulayıram. Çempionat keçiriləndə onların heç bir oyununa əl çala bilmirik. Qorxuruq ki, kənardan baxan jurnalistlər bu kluba azarkeşlik etdiyimi deyəcəklər. Əlbəttə, bu, bir zarafatdır. Komandamızı avrokuboklarda ürəklə izləyirik. Biz də qışqıra və stresimizi çıxara bilirik".
Bu fikirləri "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Qarabağ"ın Qazaxıstanın "Kayrat" klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.
Musayev bu gün çox maraqlı oyunun olacağını bildirib: "Düşünürəm ki, Qurban Qurbanovun heyətə yeni cəlb etdiyi "Bilal" (İbrahima Vadji) yaxşı oyun sərgiləyəcək. Onu Məhəmməd peyğəmbərlə bağlı filmdə ilk azanı səsləndirən Bilala bənzətdiyim üçün adını belə qoymuşam. Çox yaxşı da oynayır. Səhv etmirəmsə, o da müsəlmandır. İnanıram ki, "Qarabağ"ın futbolçuları daha əvvəl olduğu kimi, bu gün də azarkeşləri, futbolsevərləri sevindirəcək. Komandamıza uğurlar arzulayıram. Arzu edirəm ki, o biri komandalar heç-heçə oynasınlar (gülür - T.Q.)".
PFL rəhbəri Ağdam təmsilçisinin növbəti mərhələ şansının bu gün böyük ehtimalla bəlli olacağını sözlərinə əlavə edib: "Mənə elə gəlir ki, bu gün hər şey bəlli olacaq. Ürəyimə damıb ki, qrupdakı əsas rəqib olan İsveçrə "Bazel"i Kipr "Omoniya"sı ilə heç-heçə edəcək. "Qarabağ" qrupda vahid liderə çevrilsə, inanmıram ki, Qurban Qurbanovu kimsə dayandıra bilsin. Əminəm ki, komanda bu şansdan maksimum istifadə edəcək".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq. "Bazel" - "Omoniya" görüşü isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Hazırda "Qarabağ" və "Bazel" hərəyə 4 xalla H qrupuna başçılıq edir. "Kayrat" və "Omoniya" isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşürlər.