Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" klubu Rusiya Kubokunda çıxışını dayandırıb.
“Report” xəbər verir ki, komanda 1/8 finalda öz meydanında "Krasnodar"ı qəbul edib.
"Samara Arena" stadionunda keçirilən görüş əlavə olunmuş hissədə qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 54-cü dəqiqədə samaralılar açıb. "Krasnodar" 76-cı dəqiqədə hesabda tarazlıq yarada bilib. Qonaqlar matça əlavə olunmuş hissədə daha bir dəfə fərqlənə biliblər. Qələbə qolu 111-ci dəqiqədə qeydə alınıb. Beləliklə, "Krasnodar" 1/4 finala vəsiqə qazanıb, "Krılya Sovetov" isə turniri tərk edib.
Komandada 11 nömrə altında çıxış edən Ramil Şeydayev ehtiyat oyunçular skamyasında olsa da, baş məşqçi tərəfindən oyuna daxil edilməyib.
Rusiya Kuboku. 1/8 final
"Krılya Sovetov" – "Krasnodar" - 1:2
Qollar: 1:0 – Sobolyev – 54, 1:1 – Klasson – 76, 1:2 – İqnatyev – 111