Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" komandası Rusiyanın Premyer Liqasında növbəti oyununu keçirib.
"Report" xəbər verir ki, Samara təmsilçisi XIX turda evdə "Yenisey"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Şeydayev 80-ci dəqiqədə Sergey Kornilenkonun yerinə oyuna daxil olub. 23 yaşlı hücumçu 81-ci dəqiqədə komandasının 4-cü qoluna imza atıb.
Bu nəticədən sonra "Krılya Sovetov" turnir cədvəlində 21 xalla 13-cü pillədə qərarlaşıb. "Yenisey" isə 11 xalla sonuncu - 16-cı yerdədir.
Qeyd edək ki, Ramil Şeydayev ötən turda "Lokomotiv"lə görüşdə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.