Ramil Şeydayev: "Demək olmaz ki, bu, ədalətsiz nəticədir"

Ramil Şeydayev: "Demək olmaz ki, bu, ədalətsiz nəticədir" "Daha çox işləməliyik ki, belə vəziyyətlərdən də yararlana bilək"
Futbol
1109
11 İyun , 2017 00:08
Ramil Şeydayev: Demək olmaz ki, bu, ədalətsiz nəticədir
Report.az

Bakı. 11 iyun. REPORT.AZ/ "Rəqiblə müqayisədə daha yaxşı çıxış edirdik. Amma son saniyələrdə qol buraxdıq. Nə etmək olar? Belə alındı. Bu, futboldur".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Şimali İrlandiya yığmasına evdə 0:1 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib. 21 yaşlı hücumçu bildirib ki, qol imkanlarından yararlana bilmək üçün daha çox çalışmaq lazımdır: "İlk yarıda real qol imkanım oldu. Topa adi qaydada zərbə endirdim. Sadəcə, top qapıya getmədi. Daha çox işləməliyik ki, belə vəziyyətlərdən də yararlana bilək".

Şeydayev nəticənin ədalətsiz olması fikri ilə razılaşmayıb: "Bu oyundan xalla ayrılmaq olar. Çünki daha yaxşı oynayırdıq. Amma demək olmaz ki, ədalətsiz nəticədir. Çünki bunu Allah bilir. Sadəcə, belə alındı".

Azərbaycan millisi 6 turdan sonra C qrupunda 7 xalla 4-cü pillədə qərarlaşıb. 2-ci pillədəki Şimali İrlandiyadan 6 xal geri qalan yığma "pley-off" şanslarını böyük ölçüdə itirib. Amma gənc forvard sonadək mübarizə aparacaqlarını söyləyib: "Nə etmək olar? Futbolu buraxaqmı? Əlbəttə, sonadək mübarizə aparacağıq. Hələ evdə 2 oyunumuz qalıb. Niyə də yox?! Azarkeşlər, özümüz, əzizlərimiz və yaxınlarımız, ölkəmiz üçün oynamalıyıq".

Sonda Şeydayev növbəti mövsümü Slovakiya "Jilina"sında keçirəcəyini də əlavə edib.

Son xəbərlər

Orphus sistemi