Rahid Əmirquliyev: "Futbolçu simulyasiyaya əl atmamalıdır"

Rahid Əmirquliyev: "Futbolçu simulyasiyaya əl atmamalıdır" "Biz o qədər görmüşük ki, böyük futbolçular da simulyasiya edirlər"
Futbol
108
12 Fevral , 2021 16:04
Rahid Əmirquliyev: Futbolçu simulyasiyaya əl atmamalıdır

"Səbail" klubunun futbolçusu Rahid Əmirquliyevin "Report"a müsahibəsi

- Premyer Liqanın XV turunda "Sumqayıt"la qarşılaşacaqsınız. Bu görüş haqqında fikirləriniz necədir?
- Qısa müddət ərzində bu rəqiblə üçüncü matçımız olacaq. Daha əvvəl iki dəfə kubokda üz-üzə gəldik. Onu deyə bilərəm ki, artıq "Sumqayıt"ı yaxşı tanıyırıq. Bizi səfərdə ağır oyun gözləyir. Çətin olacağını bilirik. Ancaq buna baxmayaraq Kubokun ilk qarşılaşmasında səfərdə 1:0 hesablı qələbə qazana bildik. Ağır oyun olsa da, çalışacağıq ki, 3 xal əldə edək.

- Kuboku da saysaq, bu rəqiblə ümumilikdə 6 dəfə qarşılaşmalısınız. Sizin üçün eyni komanda ilə fasiləsiz oynamaq bezdirici deyil?
- Mövsümdə 6 dəfə, qısa müddətdə isə 3-cü dəfə oynayacağıq. Eyni komandaya qarşı oynamaq bir az bezdirici olur. Ancaq 8 komandalı çempionatda belə hallar normaldır. Çox komanda olsaydı, bu cür hal yaşanmazdı. İşimiz çıxıb meydanda oynamaqdır. Rəqibin kimliyinə baxmalı deyilik.

- "Sumqayıt"a 1:2 hesabı ilə uduzduğunu cavab görüşündə hakimlər diqqət mərkəzində idi. Bu görüş haqqında nə deyə bilərsiniz?
- Birinci görüşdə səfərdə qələbə qazandıq. Evdə isə yaxşı oyunla mərhələ adlamağı qarşımıza məqsəd qoymuşduq. Həmin matça pis başladıq, qısa müddətdə iki top buraxdıq. Sonra həmin qolların əvəzini çıxa bilmədik. Ümumiyyətlə, hakim səhvləri həmin oyunda çox idi. Olmayan penalti verildi. Oturub baxsaq, görərik ki, baş hakim Orxan Məmmədov həddindən artıq səhv etdi. Bunlar nəticəyə təsir edən yanlış qərarlar idi.

- Orxan Məmmədovun qərəzli qərarlar qəbul etdiyini düşünmürsünüz?

- Hakim də insandır. Ola bilsin, epizodu görməyib. Kənardan baxanlar isə deyir ki, baş hakimin "Sumqayıt"a simpatiyası görünürdü. Oyun artıq arxada qalıb. Oturub fikirləşsək, heç nəyi düzəldə bilmirik. Növbəti oyunlara hazırlaşmalıyıq. Kubokdan əlimizi üzmüşük. Çalışmalıyıq ki, çempionatda yaxşı çıxış edək və yuxarı pillələrə qalxaq. Ancaq onu da demək istəyirəm ki, ardıcıl ikinci dəfə hakim səhvlərindən mərhələ adlaya bilmirik. Ötən mövsüm də "Zirə" ilə oyunda son dəqiqələrdə qol vurmuşduq. Lakin referi o qolu qeydə almamışdı. Sonra hamı demişdi ki, təmiz qol idi. Bu gün də hakim səhvlərinə görə mərhələ keçə bilmədik.

- "Sumqayıt"ın penalti qazandığı epizodda Murad Xaçayev ayaqlarını sizin ayaqlarınıza ilişdirib yıxıldı. Həmin an hansı hissləri keçirdiniz?
- Bəli, Xaçayev özü ayağını ilişdirib yıxıldı. Birinci fit veriləndə elə başa düşdüm ki, baş hakim Orxan Məmmədov simulyasiyaya görə rəqibi cəzalandıracaq. Sonra gördüm ki, penalti verdi. Bildirdim ki, rəqib özü yıxılıb. Amma Məmmədovun qərarı dəyişən deyildi. Özüm də pis oldum ki, vacib oyunda belə penalti etdim. Ancaq yenə deyirəm, həmin epizodda penaltilik heç nə yox idi.

- Gənc və milliyə namizəd futbolçunun belə vasitəyə əl atması, sizcə, normal haldır?
- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Özüm simulyasiya etməyi xoşlamıram. Murad Xaçayev komandasına kömək üçün bunu edib. Hardasa ona da haqq qazandırmaq olar. Ancaq mən düşünürəm ki, futbolçu belə hərəkətlər etməməlidir. Biz o qədər görmüşük ki, böyük futbolçular da simulyasiya edirlər. Özləri sonra durub hakimə deyirlər ki, simulyasiya etmişəm. Hakim isə sonra qərarı dəyişir. Amma mənim bu barədə kiməsə nə isə deməyim düzgün olmaz. Şəxsi fikrim belədir ki, oyunçu çalışmalıdır ki, simulyasiya əl atmasın.

- Futbolu çirkinləşdirən belə halları gördükdən sonra karyeranızı bitirməyi düşündünüzmü?
- Əlbəttə, razıyam ki, belə hallar futbolu çirkinləşdirir. Simulyasiya futbol və futbolçu üçün yaxşı hal deyil. Avropanın bir çox ölkəsində videotəkrar (VAR) sistemi olduğu üçün belə etmirlər. Epizodun təkrarına baxıb qərarı dəyişə bilirlər. VAR sistemi olmayan ölkələrdə də futbolçular simulyasiya etməməyə çalışsaydılar və hakimləri aldatmasaydılar, daha yaxşı olardı. Hadisə gözlərimin önündə olub. Amma gənc futbolçunun hərəkətini gördükdən sonra karyeramı bitirməyi düşünmədim. Hələlik belə qərar qəbul etməyi planlaşdırmıram. Oynamağa gücüm də var. Çalışacağam ki, daha 2-3 mövsüm çıxış edim.

- "Xəzər Lənkəran"ın son Premyer Liqa matçını xatırlayırsınızmı? Sabiq komandanıza "Rəvan"la görüşdə penalti verildi. Sanki bu, "Sumqayıt"la matçdakı epizoda bənzəyirdi...
- O epizodu da çox yaxşı xatırlayıram. Baş hakim Ramil Diniyevin "Rəvan" - "Xəzər Lənkəran" görüşündə təyin etdiyi həmin penalti barədə də çox danışılmışdı. Lənkəran təmsilçisi matçdan sonra Premyer Liqa ilə vidalaşmışdı. "Xəzər Lənkəran" kimi komandanın dağılması bütün Azərbaycan futbolu üçün çox üzücü hal idi. Futbolda simulyasiyalar və hakimi aldatmalar olmasaydı, daha yaxşı olardı. Bunun o biri tərəfi də var ki, hər oyunçu öz komandasına xeyir vermək istəyir. Ona görə bəzi futbolçular simulyasiyaya əl atırlar.

- Hər transfer dönəmində fərqli klublarla adınız hallanır. Yayda hansısa yeni komandaya keçidiniz realdır?
- Transfer pəncərəsində futbolçuların adlarının digər komandalarla hallanması normaldır. Biz belə şeylərə fikir vermirik. Harada müqaviləmiz varsa, onun şərtlərini yerinə yetirməli və komandamıza xeyir verməliyik. Söz-söhbətlər həmişə olur və bundan sonra da olacaq. Belə şeylərə fikir verməmək lazımdır. Real nə isə olsa, mütləq ortaya çıxacaq. Mövsümün sonunda "Səbail" klubu ilə müqaviləm başa çatır. Ona kimi vaxt var və bütün fikrimi çempionata yönəltmişəm. Komandaya xeyir vermək üçün çalışacağam. Mövsümün sonunda hansısa qərarı vermək olar.

Son xəbərlər

Orphus sistemi