Rahid Əmirquliyev: "Əcnəbi baş məşqçilər gəlirlər, gedirlər, amma ortada bir şey yoxdur"

Rahid Əmirquliyev: "Əcnəbi baş məşqçilər gəlirlər, gedirlər, amma ortada bir şey yoxdur" "Həmin meydan artıq haldan gedib. Burada nəinki futbol oynamaq, hətta məşq etmək belə olmur. Artıq çox pis vəziyyətə düşüb. Oynamaq çox çətindir, əziyyət çəkirik"
Futbol
22 Noyabr , 2021 12:17
Rahid Əmirquliyev: Əcnəbi baş məşqçilər gəlirlər, gedirlər, amma ortada bir şey yoxdur
Rahid Əmirquliyev

"Səbail" klubunun kapitanı və Azərbaycan milli komandasının sabiq futbolçusu Rahid Əmirquliyevin "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Zirə"yə 1:3 hesabı ilə məğlub oldunuz. Oyunla bağlı fikirləriniz necədir?
- Bu qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Ardıcıl iki tur meydana xalsız tərk etmişdik. Bu görüşdə qələbə qazanmaq istəsək də, təəssüf ki, bu, baş vermədi. Rəqib çox yaxşı oyun nümayiş etdirdi və layiqli qələbə qazandı. Öz oyunumuz demək olar ki, alınmadı. Amma rəqib çox yaxşı çıxış etdi.

- Məğlubiyyətin əsas səbəbi nə idi?
- Bir çox səbəbi ola bilər. Bunların hamısını məşqçilər korpusu bizə deyəcək. "Zirə" daha üstün oyun sərgilədi və layiqli qələbə əldə etdi. Biz isə zəif oynadıq. Səhvləri düzəltməyə və "Keşlə" ilə matçda bunları təkrarlamamağa çalışacağıq.

- İkinci hissədə 65-ci dəqiqədə əvəzləndiniz. Bu, zədə ilə bağlı idi?
- Əvəzlənməyim baş məşqçinin qərarı idi. Məsləhət görüb dəyişib. Bu barədə heç nə deyə bilərəm. Qərara hörmətlə yanaşmaq lazımdır. Əvəzlənməyim zədə ilə əlaqədar deyildi.

- Ev oyunlarınızı "ASCO Arena"da keçirirsiniz. Süni ot örtüyündə məşq etmək, oynamaq və oradan təbii ot örtüyünə keçmək hansı çətinliklər yaradır?

- Süni meydandan təbiiyə keçmək tam başqa problemdir və çətindir. Elə olur ki, bütün həftəni süni meydanda məşq edir, həftəsonu isə rəqiblər təbii ot örtüyü olan meydanda qarşılaşırıq. İkinci problem bizim stadionun ot örtüyüdür. Həmin meydan artıq haldan gedib. Burada nəinki futbol oynamaq, hətta məşq etmək belə olmur. Artıq çox pis vəziyyətə düşüb. Oynamaq çox çətindir, əziyyət çəkirik. "ASCO Arena"da oynayan hər kəsdə problem olur. Oyunçuları dizləri və başqa yerləri ağrımağa başlayır. Bu meydan bizə çox əziyyət verir. İnanıram ki, tez zamanda bunu dəyişəcəklər.

- Müxtəlif vaxtlarda Azərbaycan millisinin də formasını geyinmisiniz. Yığmanın seçmə mərhələdəki çıxışı barədə nə deyə bilərsiniz?
- Artıq ikinci dəfədir ki, komandamız seçmə mərhələni 1 xalla başa vurur. Yığmadan daha yaxşı nəticə gözləyir, DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqdan xal alacağımıza ümid edirdik. Təəssüf ki, bacarmadıq və tsikli bir xalla yekunlaşdırdıq. Buna nə səbəb gətirəcəyimi bilmirəm. Millinin bütün oyunlarını izləmişəm. Deyə bilmirik ki, hansısa qarşılaşmada rəqibdən üstün oynamışıq. Uğursuzluğun səbəbi çox ola bilər. Çempionatımız bir az zəifləyib. Əvvəlki kimi deyil, komanda sayı azdır və rəqabət də azalıb. Premyer Liqanın güclü olması, burada çoxlu komandanın yer alması və regionlarda klub sayının artırılması milliyə fayda verəcək.

- Yığmada yerli, yoxsa əcnəbi baş məşqçinin olmasının tərəfdarısınız?
- Həmişə vurğulamışam, indi də deyirəm: Bizim millidə yerli mütəxəssisin olması daha yaxşıdır. Əcnəbilər gəlirlər, gedirlər, amma ortada bir şey yoxdur. Bu seçmə mərhələdə yerli baş məşqçi olsaydı, bundan pis nəticə olmazdı. Nəticə daha yaxşı ola bilərdi, amma pis olmazdı. Düşünürəm ki, yerli mütəxəssislərə üstünlük verilsə, daha yaxşı olar.

- Belə fikirlər var ki, yığmada əzmkarlıq çatmır. Sizcə, həqiqətənmi futbolçular meydanda yetərincə can qoymurlar?
- Bəzi oyunlarda əzmkarlığın çatışmadığı və futbolçuların axıradək vuruşmadıqları görsənirdi. Amma əsas problemimiz odur ki, qol buraxan kimi həvəsdən düşür, sonadək mübarizə aparmır və vuruşmuruq. Ad-sanından asılı olmayaraq, hansısa futbolçu milliyə çağırılırsa və meydana çıxırsa, formanın haqqını verməyə çalışmalıdır. Meydanda əlindən gələni etməli və vuruşmalıdır. Bəzi oyunlarda görsənirdi ki, millidə hardasa əzmkarlıq çatışmır.

- Yerli mütəxəssislərdən kimi yığmaya məsləhət görə bilərsiniz?
- Bizdə yetərincə gənc və istedadlı baş məşqçilər var. Kimi təyin etsək və bir az vaxt versək, işləyə bilərlər. Cavan mütəxəssislər çoxdur. Rəşad Sadıqov, Ayxan Abbasov, Aftandil Hacıyev, Sənan Qurbanov və hələlik işsiz olan Tərlan Əhmədovu deyə bilərəm. Bəlkə kimisə unutmuşam, amma bizim gənc mütəxəssislərimiz çoxdur. Onlardan kiməsə şans, bir az vaxt versələr, yığma üçün daha yaxşı və faydalı olar.

- Azərbaycanda ilin futbolçusu adına kimi layiq görürsünüz?
- Mənim üçün burada 3 namizəd var. Bunlar "Qarabağ"dan Şahruddin Məhəmmədəliyev, "Neftçi"dən Emin Mahmudov və Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emrelidir. Məhəmmədəliyev həm millidə, həm də "Qarabağ"da çox yüksək səviyyədə çıxış edir. Emin Mahmudov da yığmada qollar vurur, yaxşı çıxış edir. Mahir Emreli isə öz klubunda yaxşı oyunlar keçirib. Amma mənim seçimim Şahruddin Məhəmmədəliyevdir.

Son xəbərlər

Orphus sistemi