“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun İngiltərə Premyer Liqasından kənarlaşdırılması halında heç yerə getməyəcəyini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Artıq yazda “şəhərlilər”in Premyer Liqanın maliyyə "feyr-pley" qaydalarının 115 pozuntusu ilə bağlı səs-küylü işi barədə qərar bəlli olacaq.
“Mançester Siti”nin təqsiri sübut edilərsə, ən sərt sanksiyalarla, hətta aşağı liqaya düşməklə üzləşə bilər. Lakin bunlar Qvardiolanın müqaviləsini 2027-ci ilə qədər uzatmasına mane olmayıb.
“Altı ay əvvəl qalacağımı demişəm. Mənim müsahibələrim var”, – o qeyd edib.
Çalışdırıcının sözlərinə görə, komandası aşağı liqaya düşsə də, klubda qalacaq.
“Bizi hara göndərə biləcəklərini bilmirəm. Konfransa? Amma növbəti mövsüm biz yüksələcəyik, sonra yenə və Premyer Liqaya qayıdacağıq”, – o vurğulayıb.
Xatırladaq ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Qvardiolanın yetirmələrinin 23 xalı var. Birinci pillədə isə “şəhərlilər”i 5 xal qabaqlayan Arne Slotun “Liverpul”u qərarlaşıb.