“Qarabağ” klubunun baş məşqçisi
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqada XII turun “Sumqayıt”la qarşılaşması 47 yaşlı mütəxəssisin Azərbaycan çempionatlarında baş məşqçi kimi 382-ci matçı olub. Bununla da Qurbanov yarışın tarixində ən çox oyun keçirən mütəxəssis adına yiyələnib.
2006-cı ildə “Neftçi”də debüt edən sabiq hücumçu 2006/2007 və 2007/2008 mövsümlərində komandanı 28 qarşılaşmaya çıxarıb. O, 2008-ci ildən baş məşqçisi olduğu “Qarabağ”la 354 dəfə çempionat oyununda iştirak edib.
Qurbanov müxtəlif illərdə “Viləş”, “Şəmkir”, “Masallı” və MOİK-in baş məşqçisi kimi yüksək dəstədə 381 oyun keçirmiş Qəhrəman Əliyevin rekordunu arxada qoyub.
Qeyd edək ki, “Sumqayıt”la görüşdə 1:2 hesabı ilə məğlub olan “Qarabağ”ın 31 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Sonuncu dəfə 2018-ci il oktyabrın 28-də “Neftçi”yə 1:3 hesabı ilə uduzan ağdamlılar 390 gündən sonra çempionat matçında xal qazanmayıb. Bu seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur.