Qurban Qurbanov: "Mahirin zədəsi ciddi görünür"

Qurban Qurbanov: "Mahirin zədəsi ciddi görünür" "Bizə asan olmadı. Qələbə qazanmaq istəyirdik. Bir xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Motivasiyalı komandaya qarşı oynadıq. Bu, məni sevindirdi. Oyunçular sərt oyunu hiss etdilər. Artıq qarşıdakı oyuna hazırlaşmalıyıq".
Futbol
11 Sentyabr , 2020 23:28
Qurban Qurbanov: Mahirin zədəsi ciddi görünür
Qurban Qurbanov

"Bizə asan olmadı. Qələbə qazanmaq istəyirdik. Bir xal qazandıq. Futbolçular çox əziyyət çəkdilər. Motivasiyalı komandaya qarşı oynadıq. Bu, məni sevindirdi. Oyunçular sərt oyunu hiss etdilər. Artıq qarşıdakı oyuna hazırlaşmalıyıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının II turunun "Keşlə" ilə səfər oyunundan (0:0) sonra mətbuat konfransında deyib.

O bildirib ki, Bədavi Hüseynovu riskə atmaq istəmədiyi üçün əvəzləyib: "Yorğunluq var idi. Ümid edirik, heç nə olmaz. Mahirin əvəzlənməsi planda yox idi. Xayme Romero zədəli idi, 10 gündür məşq etmirdi. Sabah, ya birigün məşqlərə başlayacaq. "Molde" ilə oyunda oynamaya bilər. Mahirin zədəsi ciddi görünür. Sabah daha dəqiq bilinəcək".

48 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə oyununun Kiprə salınması barədə fikirlərini bildirib: "Bizə təsir edən qərarın oyuna 1 həftə qalmış verilməsi oldu. Ev komandası olduğumuzdan təşkilati işlər bizə düşür. Başqa yolumuz yoxdur. İnanıram ki, futbolçular maksimum motivasiya ilə oynayacaqlar. Amma bu, mənfi nəticə də verə bilər. Futbolçular çox istəklidir".

O, "Molde"nin "Qarabağ"la oyun üçün 8 hücumçu sifariş etməsinə münasibət bildirib: "Meydana 2-3 forvard çıxacaq. Biz sırf ön xətt oyunçularına yox, bütün komandaya qarşı hazırlaşcağıq".

Oğlu Musa Qurbanlı barədə də danışan Qurbanov onun qarşıdakı matçlarda meydanda olacağını istisna etməyib: "Tək ona yox, bütün gənclərə şans veririk".

Mütəxəssis yeni transfer Patrik Andradenin oynamağa hazır olduğunu vurğulayıb: "Bizə uyğun futbolçudur. Sabahdan "Molde" ilə oyunun heyəti barədə düşünəcəyik. Amma Patrikin ilk dəqiqələrdən oynamaq ehtimalı yüksəkdir. Forması da buna imkan verir. Yarımmüdafiənin istənilən nöqtəsində oynamaq bacarığına malikdir".

Qurbanov deyib ki, danışıq apardıqları futbolçular çox olsa da, bu gün say azalıb. O, yeni oyunçu transferinin gözlənilmədiyini əlavə edib.

Son xəbərlər

Orphus sistemi