Qurban Qurbanov Dövlətzadənin ailəsini ziyarət edəcək

Qurban Qurbanov Dövlətzadənin ailəsini ziyarət edəcək İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri - 2020" layihəsi üzrə idman jurnalistləri arasında keçirdiyi sorğuda "Qarabağ" İLİN DÖYÜŞKƏN KOMANDASI, futbolçular arasındakı sorğuda isə komandanın yarımmüdafiəçisi Abdullah Zubir 2019/2020 MÖVSÜMÜNÜN
Futbol
968
30 Dekabr , 2020 22:51
Qurban Qurbanov Dövlətzadənin ailəsini ziyarət edəcək

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri - 2020" layihəsi üzrə idman jurnalistləri arasında keçirdiyi sorğuda "Qarabağ" İLİN DÖYÜŞKƏN KOMANDASI, futbolçular arasındakı sorğuda isə komandanın yarımmüdafiəçisi Abdullah Zubir 2019/2020 MÖVSÜMÜNÜN FUTBOLÇUSU seçilib. "Report"un məlumatına görə, hər iki mükafatın təltifetməsi bu gün klubun ofisində baş tutub.

"Qarabağ"ın direktoru Emrah Çelikel və komandanın baş məşqçisi Qurban Qurbanovun qatıldığı tədbirdə İAM-ın sədri, "Report" İnformasiya Agentliyinin redaktoru Elşən Məmmədov əvvəlcə sorğu barədə ümumi məlumat verib. O bildirib ki, Zubir mövsümün futbolçusu seçildiyi vaxt Tovuz döyüşləri getdiyi üçün mükafatlandırmanın daha münasib vaxtda təşkili qərara alınıb.

Eyni zamanda 2020-ci ildə pandemiya ilə əlaqədar idman yarışlarının sayı xeyli azalıb, bəziləri təxirə salınıb, əksəriyyəti isə ləğv olunub. Digər tərəfdən, 44 günlük Vətən müharibəsində hamı bütün diqqətini cəbhə xəttinə yönəldib. Müharibədə idman ictimaiyyətinin 500-dən çox nümayəndəsi, idmançılar və futbolçular, idman jurnalisti iştirak edib, onların 50-dən çoxu şəhid və qazi olub.

İdman ictimaiyyəti həm də arxa cəbhədə fəallığı ilə seçilərək, Ordumuza maddi və mənəvi dəstək olub. Bu sırada "Qarabağ" xüsusilə fəal olub. Hərbi vəziyyətlə əlaqədar UEFA-nın Bakıda beynəlxalq oyunların təşkilinə tətbiq etdiyi qadağa üzündən Azərbaycan millisi ilə bərabər, bu klub da Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını ölkə xaricində - qardaş Türkiyədə keçirməli olub.

E.Məmmədov ilin ən böyük qalibinin Azərbaycan Ordusunun olması səbəbindən də, layihənin məhz bu uğura həsr edildiyini, 8 nominasiya üzrə namizədlərin Ermənistan təmsilçiləri ilə yarış və döyüş meydanında üz-üzə gələn idmançı və hərbçi idmançılardan, terror qurbanlarından, Ordumuza maddi, mənəvi və təbliğati dəstək verənlər arasından seçildiyini, yekunda qaliblərin müəyyənləşdiyini xatırladıb. O, karantin rejimi ilə əlaqədar mükafatlandırma mərasimi keçirə bilmədiklərini, qaliblərin adlarını onlayn qaydada açıqladıqlarını diqqətə çatdırıb.

İdeyanı bəyəndiyini söyləyən Qurban Qurbanov Orduğumuzu böyük qələbə münasibətilə təbrik edib. O, Vətən üçün canlarından keçən şəhidlərin hər kəsin bacarmadığı yüksəkliyə ucaldıqlarını söyləyib, qazilərə tezliklə sağalmalarını arzulayıb. Baş məşqçi bütün çətinliklərə rəğmən, klub rəhbərliyinin "Qarabağ" adını daim uca tutmağı qarşıya məqsəd qoyduğunu və bu yöndə əllərindən gələni etdiklərini vurğulayıb.

Təltif edilənlər sırasında şəhidlərin də olmasını obyektiv seçim adlandıran Q.Qurbanov xüsusən İLİN DÖYÜŞKƏN İDMANÇISI seçilmiş şəhid Cəbrayıl Dövlətzadənin qəhrəmanlığından bəhs edib. Baş məşqçi özünün də yaxın vaxtlarda C.Dövlətzadənin ailəsini ziyarət edəcəyini bildirib.

Daha sonra mükafatlar təqdim olunub. Zubir hazırda Azərbaycan Premyer Liqasındakı fasilə ilə əlaqədar ölkədə olmadığından, həm MÖVSÜMÜN FUTBOLÇUSU, həm də İLİN DÖYÜŞKƏN KOMANDASI üçün plaketi Qurban Qurbanov qəbul edib.

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyi, baş sponsoru "eTopaz", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "İl Azero", təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.

Son xəbərlər

Orphus sistemi