Ukrayna Futbol Assosiasiyasının (UAF) Nizam-İntizam Komitəsi qondarma Luqansk Xalq Respublikası (LXR) və Donetsk Xalq Respublikasının (DXR) komandalarının oyunlarında iştirak edən 26 yerli futbolçu ilə bağlı intizam işi açıb.
"Report" UAF-nin rəsmi saytına istinadən xəbər verir ki, oyunçulardan 9-u "LXR yığması"nın heyətində qondarma Abxaziya Respublikası ilə yoldaşlıq matçında forma geyinib. Həmin qarşılaşma 2020-ci il sentyabrın 25-də Gürcüstanın Suxumi şəhərində oynanılıb.
Digər 17 futbolçu isə LXR-in "Vostok-Uqol" klubu ilə dekabrda eyni şəhərdə baş tutmuş "Qardaş Xalqlar Liqası" turnirində iştirak edib.
Adları federasiyanın rəsmi saytında yer alan bütün futbolçular Ukrayna futbolunun imicinə xələl gətirən qarşılaşmalarda iştirakla bağlı aprelin 8-dək yazılı izahat verməlidirlər.