Qonaqpərvər Hayfa, yarımcan "Neftçi" və qonağa "hörmət etməyən" "Makkabi"

Qonaqpərvər Hayfa, yarımcan "Neftçi" və qonağa "hörmət etməyən" "Makkabi" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda İsraildə Hayfa “Makkabi”sinə böyük hesabla uduzan “Neftçi” avrokuboklarda mübarizəni dayandırıb.
Futbol
28 Avqust , 2021 11:40
Qonaqpərvər Hayfa, yarımcan Neftçi və qonağa hörmət etməyən Makkabi

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda İsraildə Hayfa “Makkabi”sinə böyük hesabla uduzan “Neftçi” avrokuboklarda mübarizəni dayandırıb.

“Sammi Ofer” stadionundakı oyunu işıqlandırmaq üçün İsrailə yollanmış jurnalistlər arasında “Report”un əməkdaşı da olub.

Dağla dəniz arasındakı şəhər

Bakıdan təqribən 3 saatlıq uçuşdan sonra paytaxt Təl-Əvivə çatdıq. Ben-Qurion aeroportuna ayaq basan kimi xoş sürprizlə qarşılaşdıq. Azərbaycan dilində danışan bir nəfər bizə yaxınlaşaraq Bakıdan olduğunu və uzun müddətdir İsraildə yaşadığını bildirdi. Təl-Əvivdən media nümayəndələri üçün ayrılmış xüsusi nəqliyyat vasitəsilə Aralıq dənizinin sahilində və Karmel dağının ətəyində yerləşən Hayfaya yollandıq. Paytaxtdan 130 kilometr məsafədə olan Hayfa İsrailin ən böyük üçüncü şəhəridir. Bura ölkədə ərəblərin sıx yaşadığı ərazidir. Əfsanəvi Karmel dağının yamacında salınmış Bəhai bağları şəhərin görünüşünə xüsusi gözəllik qatır. Əvvəllər Bəhai zəvvarları üçün nəzərdə tutulmuş dünyanın 8-ci möcüzəsi UNESCO-nun mədəni irsinə daxil edilib və ölkədə turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Deyilənə görə, Karmel dağında İlyas Peyğəmbərin mağarası da var.

Yeganə və altı stansiyalı metro

Hayfa İsraildə metro olan yeganə şəhərdir. Altı stansiyalıq yeraltı nəqliyyatı Bakı funikulyorunu xatırladır. Məskunlaşdığımız otel yüksəklikdə yerləşdiyindən Hayfanın mərkəzinə düşmək üçün ən ideal variant adını Karmel dağından alan Karmelit metrostansiyasından istifadə etməkdir. Ölkədə yaşayış səviyyəsi yüksək olduğundan, ictimai nəqliyyatda gedişhaqqı da yuxarıdır. Məsələn, metroda bir gedişin qiyməti İsrail pulu ilə 6 şekel və ya 3 manatdır.

1959-cu ildə istifadəyə verilmiş metronun ilk stansiyası Karmel adlanır. Bundan sonra isə müvafiq olaraq, “Qolomb”, “Masada”, “Ha-Neviim”, “Hadar-Siti” və “Dauntaun” stansiyaları gəlir. 10 dəqiqəlik intervalla hərəkət edən qatarlar 6 stansiyanı cəmi 8 dəqiqəyə qət edir. İsraildə əhalinin demək olar ki, hamısı ingilis dilində çox yaxşı danışır. Uşaqdan qocaya, hər kəsin dil biliyi yaxşı səviyyədədir. Hayfa şəhərinin iqlimi Bakı ilə oxşardır. Dəniz kənarında yerləşən şəhərdə hava olduqca isti, rütubətlilik isə yüksəkdir.

Məftildən asılmış arzular

Hayfada olduğumuz 2 gün müddətində iki toy mərasiminə şahidlik etdik. Yeni ailə quran cütlüklər qaldığımız otelin arxa tərəfində yerləşən dəniz mənzərəli parka gələrək, fotosessiya etdirirdilər. Məsələnin bundan sonrakı hissəsi daha maraqlıdır. Cütlük şəkil çəkdirəndən sonra parkın ortasındakı dəmir dirəklərə bərkidilmiş məftillərdən qıfıl asır. Parkda təmizlik işi ilə məşğul olan yaşlı şəxsin sözlərinə görə, insanlar bununla heç vaxt ayrılmamağı arzulayır və qıfılı məftilə keçirib bağlamaqla bu istəyin həyata keçəcəyinə inanırlar. Lakin bunu təkcə evlənən cütlüklər etmirlər. Hayfaya gələn və şəhəri sevən şəxslər də daim burada qala bilmək üçün sözügedən ritualı həyata keçirirlər.

Qonaqpərvər hayfalılar

İsraildə həqiqətən Azərbaycana və vətəndaşlarına böyük rəğbət var. 44 günlük Vətən müharibəsində hər zaman haqlı mübarizəmizə dəstək verən ölkə bizi də olduqca isti qarşıladı. Xüsusilə Hayfa sakinlərinin Azərbaycandan gəldiyimizi biləndə verdikləri reaksiya, sadəcə, möhtəşəm idi. İstər küçədə, istər ticarət mərkəzlərində, bir sözlə, hər yerdə bizə olduqca həssas və hörmətlə yanaşırdılar. Küçədə istənilən şəxsə yaxınlaşıb, asanlıqla kömək istəyə bilərsən. Elə "Makkabi" klubu da jurnalistləri yaxşı mənada təəccübləndirdi. Oyunöncəsi mətbuat konfransında Hayfa təmsilçisinin əməkdaşları azərbaycanlı media nümayəndələrinə klubun atributlarından olan şərf hədiyyə etdilər.

Yarımcan "Neftçi" və ağır məğlubiyyət

Səfər müddətində hər kəsin əhval-ruhiyyəsi yerində idi. Təkcə baş məşqçi Samir Abasovdan başqa. Onsuz da kasad olan heyətin üç üzvünün (Yusuf Laval, Mamadu Mboc və İsmayıl İbrahimli) cəza səbəbindən matçı buraxması, müdafiə xəttindəki mövcud problemlər 43 yaşlı mütəxəssisi çox düşündürürdü. Abasov oyundan öncə təmkinli və inamlı danışsa da, matçdan sonra bütün nikbinliyi getmişdi.

Oyuna gəlincə, "Neftçi"nin ilk dəqiqələrdən təzyiqlə üzləşəcəyi gözlənilən idi. "Makkabi" 30 min azarkeş tutumuna malik "Sammi Ofer" stadionunun 2/3 hissəsini dolduran yerli fanatların da dəstəyi ilə ilk dəqiqələrdən iddiasını ortaya qoydu. Təhlükəli hücumlar bir-birini əvəzlədikcə "ağ-qaralar"ın qol buraxmaq təhlükəsi də artırdı. Sezar Meza Kolli, Harramiz Soareş və Fəhmin Muradbəylinin zəif çıxışı, bəzi futbolçuların fiziki baxımdan çatdırmaması flaqman üçün əlavə problem yaradırdı. Bunun məntiqi nəticəsi kimi "Neftçi" ilk hissədə 2 qol buraxdı.

İkinci yarıda da rəqibi qarşısında aciz qalan bakılılar qapısında daha 2 top gördü. Hayfalılar bizə qarşı nə qədər qonaqpərvər olsa da, "Makkabi" meydanda qonağa hörmət etmədi. "Neftçi"nin heyətində cəmi 2 nəfər sonadək mübarizə apardı ki, bunlardan biri qapıçı Aqil Məmmədov, digəri isə müdafiəçi Voislav Stankoviç idi. Xüsusilə qolkiperin inamlı oyunu hesabın daha biabırçı həddə çatmasının qarşısını aldı.

Samir Abasovun oyun sonrası mətbuat konfransında dediyi kimi, "Neftçi" avrokuboklarda oynamağa hazır deyildi. Təbii ki, ən əsası, transfer siyasətində buraxılan kobud səhvlərə görə...

Son xəbərlər

Orphus sistemi