Qəzada ağır xəsarət alan hakim-inspektor: “Düşünürdüm ki, avtomobil partlayacaq”

Qəzada ağır xəsarət alan hakim-inspektor: “Düşünürdüm ki, avtomobil partlayacaq” Azərbaycanın keçmiş hakimi Ceyhun Haşımov səhhəti ilə bağlı “Report”un suallarını cavablandırıb.
Futbol
23 Dekabr , 2022 14:59
Qəzada ağır xəsarət alan hakim-inspektor: “Düşünürdüm ki, avtomobil partlayacaq”

Azərbaycanın keçmiş hakimi Ceyhun Haşımov hazırda hakim-inspektor kimi fəaliyyət göstərir.

Dekabrın 10-da Yevlaxda avtomobil qəzasında xəsarət alan Haşımov əməliyyatdan sonra artıq evə buraxılıb.

Zərərçəkən səhhəti ilə bağlı “Report”un suallarını cavablandırıb.

- Əməliyyatdan sonra özünüzü necə hiss edirsiniz?

- Dünən evə buraxılmışam. İki ay yataq şəraitində müalicə alacağam. Yanvarın 5-də evdə tikişlər açılacaq, 30-da isə rentgendən keçmək üçün yenidən xəstəxanaya gedəcəyəm. Orada həkimlər protezin yerinə necə oturduğuna baxacaqlar. Yalnız ondan sonra qərar veriləcək ki, gəzmək olar, ya olmaz.

- Həmin vaxta qədər oturmaq da olmaz?

- Bəli, oturmaq da olmaz. Sınıqların tamam düzəlməsi, protezin çanağa birləşməsi üçün vaxt lazımdır. Hələlik yalnız uzanıqlı vəziyyətdəyəm. Otursam, ayağımdakı qırıqları zədələyə bilərəm. Fizioterapiya da olacaq.

- Öz həkiminizdən əlavə, futbol sahəsində çalışan həkimlərlə bu barədə məsləhətləşmisinizmi?

- “Sabah” klubunun həkimi Rəhim Məhərrəmov zəng vuraraq öz tapşırıqlarını verdi. Bildirdi ki, proqram hazırlayacaq. Həmçinin, AFFA-nın həkimi də var. Milli assosiasiyadan zəng vurub dedilər ki, həkimimiz bərpa prosesləri ilə bağlı sizinlə danışacaq. Ukraynadan olan Vyaçeslav Xomenko özü də sonradan mənimlə əlaqə saxladı. Bildirdi ki, sənə hələ tərpənmək olmaz, bərpa dövründə hər şey ediləcək. Tapşırdı ki, dizdə əzələləri gərginləşdirməyə, sıxıb buraxmağa çalış. Çünki həmin yerdə böyük şiş var. O şiş yatmalıdır ki, ayağımı sağa-sola çəkə bilim, bundan ötrü insanları çağırmayım.

- Klublardan, futbol ictimaiyyətindən səhhətinizlə maraqlananlar varmı?

- Bilirsiniz, uzun müddət hakimlik peşəsi ilə məşğul olmuşam, bu işi sevmişəm. Atam da, qardaşım da hakim olub. Hətta 12 yaşlı balaca oğlumun da hakimliyə marağı var, mənimlə dərslərə gedirdi. Mənimlə maraqlanan insanların heç birini unutmuram. Bir zəng belə mənim üçün dünya demək idi. “Qəbələ”nin prezidenti Fariz Nəcəfov dərhal mənimlə əlaqə saxladı, hal-əhval tutdu, nə kömək lazımdırsa, etməyə hazır olduğunu söylədi. “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov, “Səbail”in çalışdırıcısı Mahmud Qurbanov mənim dostlarımdır, həmişə yanımdadırlar. “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov zəng vurdu, “Qarabağ”ın baş meneceri Asif Əsgərov əlaqə saxlayaraq dedi ki, klub olaraq yanındayıq. Çox sayda futbolçular, veteranlardan Aftandil Hacıyev, Aqil Nəbiyev zəng ediblər, yanıma gəliblər. Bunların hamısı mənə ayağa qalxmaq üçün stimul oldu. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, texniki direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, eyni zamanda AFFA-nın əməkdaşları bir neçə dəfə yanıma gəliblər. AFFA-nın məsul şəxslərinin hamısı zəng vurub maraqlanır. Hətta aşağı yaş qruplarında çalışan məşqçilər, uşaqların valideynləri də mesajlar yazırlar. Telefonumda zənglərin, sms-lərin hamısını saxlamışam, hamısını oxuyuram. Hörmət bəsləyənlər çoxdur. Yəqin ki, bu hörməti qazanmışam ki, diqqətdə saxlayırlar.

- Bəs elə biri varmı ki, hələ də ondan zəng gözləyirsiniz?

- Dostum, qardaşım Elnur Əşrəfoğludan zəng gözlədim, gözüm yolda qaldı. Təəssüf ki, bu mümkün deyil. Amma bir anlıq onun zəng vurmasını çox arzuladım. Elnurun ən yaxın dostu olan Altay Əliyev əlaqə saxladı. Onunla çoxdan idi əlaqəm yox idi. Zəng vuraraq bildirdi ki, nə qulluq lazımdırsa, hazıram.

- Son illər xeyirxah əməllərinizə görə də tanınırdınız. Əl tutduğunuz insanlardan lazımi dəstəyi ala bildiniz?

- Bu sualı verməyiniz yaxşı oldu. Sosial şəbəkələrdə yardımlar barədə məlumatlar verməyimi çoxları başa düşmürdü. Amma bunu etməyə məcbur idim. Çünki təkbaşıma bu qədər işi görə bilməzdim. İki il yarım ərzində 100 körpənin əməliyyat və müalicələrini qarşılamaq asan deyil. Hələ çox şey göstərilmirdi. Bunu ona görə edirdim ki, ətrafımız genişlənsin, xeyirxah işə dəstək verənlər çox olsun. Yardım etdiyim insanların ağlayaraq göndərdikləri sms səslərinə qulaq asanda ürəyim parçalanır. Evdə yoldaşıma dedim ki, mən gedə bilməyəcəyəm, bazarlıq edib, hamısının ərzaqlarını çatdırmaq lazımdır. Düzdür, deyirdilər ki, aclığa dözərik, təki qardaşımız ayağa qalxsın. Amma evlərində körpələr var, onların necə ac olduqlarını gözlərimlə görmüşəm. Onların ruzisini kəsə bilmərik. Bizim 20 nəfərdən ibarət balaca komandamız var. Birinci əməliyyatdan sonra qardaşımla və dostlarımla danışdım, bildirdim ki, bu işi yubada bilmərik. Mən ayağa qalxana qədər bir yolla yardımı davam etdirəcəyik.

- Düşünmürsünüz ki, həmin insanların duaları sizi həyatda saxladı?

- Bir dostum mənə dedi ki, bu da elədiyin yaxşılıqların cavabıdır. Bildirdim ki, elə düşünmə, bu əməllərimin mükafatı xəsarət almağım yox, sağ qalmağım oldu. Baş verənlərə görə heç vaxt üsyan eləmədim. İnsanlar o qədər yaxşılıqlar ediblər ki, biz onların yanında heç kimik. Zeynalabdin Tağıyev Azərbaycan xalqına nə qədər yaxşılıqlar etdi, axırda hansı vəziyyətdə dünyasını dəyişdi. Hərdən mənə deyirlər ki, xeyriyyəçisən. Cavabım belə olur ki, mən xeyriyyəçiyəmsə, Zeynalabdin Tağıyev, Musa Nağıyev kimdir? Sadəcə, az da olsa, insanlara kömək etməyə çalışıram.

- Qəza anını necə xatırlayırsınız?

- Qəza anında qarşımızda gedən maşın bir anlıq özünü sağ tərəfdəki yamaya çəkdi. Hava da yeni qaralırdı, görünmürdü. Heç olmasa qarşıdan gələn avtomobilin işıqları yansaydı, bəlkə mən də manevr edə bilərdim. Önümüzdəki maşın qəzadan özünü qaçırandan sonra mənim cəmi bir saniyə vaxtım var idi. Gördüm ki, maşın düz üstümüzə gəlir. Üzbəüz toqquşsaydıq, maşındakı uşaqların hamısı tikə-tikə olardı. Allah həmin anda mənə o şüuru verdi ki, sükanı bir az sağ tərəfə döndərdim. Fikrim o idi ki, maşın mən tərəfdən küncə dəysin, uşaqlar az zədə alsın. İstədiyimə də nail oldum, uşaqlar çox ciddi zədə almadılar. Yalnız arxamda oturan Elmin Süleymanovun başı partladı. Uşaqlara dedim ki, şüşəni sındırın, maşından çıxın. Düşünürdüm ki, avtomobil partlayacaq. Çölə çıxdıqdan sonra yaxamdan tutub dartdılar ki, məni də çıxarsınlar. Amma gücləri çatmadı. Dedim ki, məni çıxara bilməyəcəksiniz, siz gedin. Özüm özümü fırlamaq istədim, gördüm ki, ayağım oturacağın altında sınıq-sınıq olub. Sükan da qarnıma girib qabırğamı sındırmışdı. Cəmi 10-15 dəqiqə yadıma gəlir, sonra huşumu itirmişəm.

- Hadisədən sonra uzun müddət avtomobilin içində sıxılmış vəziyyətdə qalmısınız. Həmin anda hansı hissləri keçirirdiniz?

- Saat yarım sükan qarnımın içində, ayaqlarım oturacağın altında sınıq formada qaldı. Dilimdə ancaq kəlmeyi-şəhadət idi, Allaha dedim ki, hazıram, aparırsansa gəlirəm. Öz-özümə dedim ki, hər şey bura qədər imiş. Yutub vasitəsilə qəzaları izləmişdim. Həmin vəziyyətdə sağ qalmaq mümkün deyil. Düşündüm ki, həyatda yarımçıq qoyduğum işlər qaldı, övladlarım üçün bir gün ağlaya bilmədim. Əlimə keçən hər şeyi insanlara payladım, onlara heç nə yığmadım. Ancaq yenə də peşman deyildim. Biz də yetim böyümüşük, anamı 14 yaşımda itirmişəm. Ağrılar o həddə çatmışdı ki, artıq hiss eləmidim. Allah istəsəydi, aparardı. Görünür, hələ də görməli işlərim var.

Son xəbərlər

Orphus sistemi