Qətərin baş məşqçisi: "Azərbaycan yığmasında istedadlı oyunçular var"

Qətərin baş məşqçisi: "Azərbaycan yığmasında istedadlı oyunçular var" "Bizi çətin oyun gözləyir"
Futbol
26 Mart , 2021 18:56
Qətərin baş məşqçisi: Azərbaycan yığmasında istedadlı oyunçular var
Feliks Sançes

“Qrupda keçirəcəyimiz hər oyun bizim üçün əhəmiyyətlidir. Azərbaycan millisi Portuqaliya ilə matçda yaxşı oyun nümayiş etdirdi. Gənc və istedadlı futbolçulara malik olduqlarını bilirik".

"Report" xəbər verir ki, bu fikirləri Qətər millisinin baş məşqçisi Feliks Sançes Azərbaycan yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan seçməsi fiziki cəhətdən daha yaxşı təsir bağışlayır: "Ancaq hər oyunun ssenarisi eyni olmur. Bizi çətin qarşılaşma gözləyir. Futbolçularımızı inkişaf etdirmək, yüksək səviyyəyə çatdırmaq üçün qrupda keçirəcəyimiz hər oyun bizə əlavə təcrübə qazandıracaq. Düşünürəm ki, ilk oyunda – Lüksemburq yığması ilə görüşdə futbolçularım çox yaxşı oynadılar. Yenə müdafiədə diqqətli olmalı, daha çox hücum futbolu nümayiş etdirməliyik. Sabah keçirəcəyimiz görüşə tam hazırıq. Bu cür matçlar heyətdə eksperiment aparmaq baxımından məşqçilər üçün də fürsətdir".

Qətər yığmasının qapıçısı Saad Əl-Şib isə bunları söyləyib: “Lüksemburq yığması ilə oyunda mənə şans verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Hər zaman milli komanda üçün ən yaxşısını etməyə çalışmışam. İlk oyunda uğurlu çıxış etməyimdə komanda yoldaşlarımın da köməkliyi oldu”.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

Son xəbərlər

Orphus sistemi