Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu komanda Çempionlar Yolunda Niderland təmsilçisi AZ ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı görüş saat 17:00-da başlayacaq.
Bu, “Qəbələ”nin turnirdə 4-cü startıdır. 2016/2017-ci illər mövsümündə Rusiyanın “Dinamo” (Moskva) klubunu keçə bilməyən (0:2, 0:5) “qırmızı-qaralar” 2 il sonra Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub. Komanda 2018/2019-cu illər mövsümündə öncə Moldova “Şerif”i (1:1, 3:1), ardınca Almaniya “Herta”sı ilə (1:3, 0:1) görüşüb.
Əyalət klubu 2019/2020-ci illər mövsümündə Kipr APOEL-inə uduzaraq, mübarizəni dayandırıb - 1:1, 0:1. Ötən il Şimali Makedoniya “Şkendiya”sı ilə qarşılaşma mövsümün koronavirus pandemiyası üzündən ləğvi nəticəsində baş tutmayıb.
Çempionlar yolu
I mərhələ, ilk oyun
29 sentyabr
17:00. “Qəbələ” (Azərbaycan) – AZ (Niderland)
Baş hakim: Viktor Kopiyevski (Ukrayna)
Qəbələ şəhər stadionu
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.