"Qəbələ"nin qapıçısı: "Şəhidin fotosunu təmizləməyi özümə borc bildim"

"Qəbələ"nin qapıçısı: "Şəhidin fotosunu təmizləməyi özümə borc bildim" "Şəhidlərimiz istər bu dünyada, istərsə də o dünyada pakdır"
Futbol
4 Oktyabr , 2021 15:01
Qəbələnin qapıçısı: Şəhidin fotosunu təmizləməyi özümə borc bildim
Nicat Mehbalıyev

"Hesabda geridə olsaq da, təzyiq altında oynasaq da, həyatda futboldan daha önəmli şeylər var. Şəhidlər bizim qürur mənbəyimizdir. Bu gün meydana çıxıb rahat oynayırıqsa, gözümüz arxada deyilsə, onlara borcluyuq".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin qapıçısı Nicat Mehbalıyev səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur oyununda etdiyi həssas jest barədə danışarkən deyib.

Matçın sonlarına yaxın Ağdam klubunun yarımmüdafiəçisi Kadi Borgesin zərbəsindən sonra top meydan sahiblərinin Vətən müharibəsində şəhid olmuş azarkeşi, "İmarət" fan-klubun üzvü Məhəmmədəli İbrahimlinin tribunada asılmış bannerinə dəyib. Nəticədə fotonun kənarı əzilib. Bunu görən 21 yaşlı qolkiper dərhal tribunaya yaxınlaşaraq, bannerin həmin hissəsini düzəldib.

Mehbalıyev bildirib ki, onun hərəkəti şəhidlərin etdiklərinin yanında heç nədir: "Biz meydanda 90 dəqiqə mübarizə aparırıq, onlar 44 gün əziyyət çəkdilər, canlarından keçdilər. Bunu etmək bizim borcumuzdur. Məhəmmədəlinin "Qarabağ" fanatı olduğunu oyundan əvvəl bildim. Kadinin zərbəsindən sonra plakatın kənarı içəri girdi. Gedib düzəltmək istəyəndə gördüm ki, artıq hazırdır, amma top dəyəndən sonra üstü çirklənmişdi. Mən də tozunu təmizlədim. Mənim yerimdə kim olsaydı, o cür edərdi. Şəhidlərimiz istər bu dünyada, istərsə də o dünyada pakdır".

Azərbaycanın U-21 yığmasının da şərəfini qoruyan qolkiperin sözlərinə görə, şəhidlərin xatirəsinə hər zaman ehtiramla yanaşmaq lazımdır: "Daha əvvəl 3 il "Qarabağ"ın formasını geyinmişəm. Bu komandada oynamağın nə demək olduğunu bilirdim. Qurban Qurbanov hər zaman bu adın mənasını bizə izah edirdi. Şəhidlik elə bir zirvədir ki, ondan üstün yer yoxdur. Bunu hər zaman bizə başa salırdılar. Ona görə də şəhidlərə hər zaman ehtiramla yanaşmışıq. Lazım olarsa, hamımız şəhidliyə hazırıq. Şəhidləri xatirəsini əziz saxlamaq hamımızın borcudur. Mən də bunu özümə borc bildim və etdim".

Qeyd edək ki, "Qəbələ"də icarə əsasında çıxış edən Nicat Mehbalıyev müqavilə ilə "Sabah" klubuna məxsusdur.

Son xəbərlər

Orphus sistemi