"Qəbələ"nin kapitanı: "Allah haqqı, əvəzlənməyimi özüm istəmişəm"

"Qəbələ"nin kapitanı: "Allah haqqı, əvəzlənməyimi özüm istəmişəm" "Qəbələ" klubunun futbolçusu Asif Məmmədov evdə "Zirə" ilə bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının VII tur matçında əvəzlənərkən etdiyi hərəkətə aydınlıq gətirib.
Futbol
18 Oktyabr , 2021 17:35
Qəbələnin kapitanı: Allah haqqı, əvəzlənməyimi özüm istəmişəm

"Qəbələ" klubunun futbolçusu Asif Məmmədov evdə "Zirə" ilə bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının VII tur matçında əvəzlənərkən etdiyi hərəkətə aydınlıq gətirib.

35 yaşlı yarımmüdafiəçi "Report"a açıqlamasında kapitanlıq sarğısını bilərəkdən yerə atmadığını bildirib.

Təcrübəli oyunçunun sözlərinə görə, ayağından zədə aldığı üçün meydanı özü tərk etmək istəyib: "Baş məşqçidən xahiş etdim ki, məni əvəzləsin. Çünki ayağımda ağrı var idi. Hətta Fernan Lopes də yorulmuşdu. Soruşdu ki, bəlkə meydandan mən çıxım. Amma sonuncu əvəzetmə olduğu və ayağım ağrıdığı üçün mən əvəzləndim. Kapitanlıq sarğısı ilə bağlı epizod isə yadımda deyil. Ola bilər, uduzurduq, vaxt itirməmək üçün onu meydana qoymuşam ki, Urfan Abbasov götürsün. Amma yerə çırpmaq söhbəti 100 faiz olmayıb".

Əyalət təmsilçisinin kapitanı meydanı əsəbi halda tərk etməsini ayağındakı ağrı və həmin vaxt hesabda geridə olmaları ilə əlaqələndirib: "Komandamızın uduzduğu vaxtda zədələndim. Bəlkə buna əsəbi olmuşam. Lakin fikrimcə, hər hansı aqressivlik yox idi. Klubun atributuna heç vaxt hörmətsizlik etmərəm. Bu, o halda ola bilər ki, mənə qarşı böyük haqsızlıq edilsin. Allah haqqı, əvəzlənməyimi özüm istəmişəm. Bu halda necə əsəbiləşə bilərəm? Hətta bir az gözlədim ki, bəlkə ağrı keçər. Amma gördüm, ayağım getmir. Davam etsəydim, bu, ciddi zədəyə gətirib çıxara bilərdi. 2-3 günlük istirahətdən sonra məşqlərə başlayacağam".

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev isə "Report"a açıqlamasında Məmmədovun çempionatın ən intizamlı futbolçusu olduğunu vurğulayıb: "Ona niyə cəza verilməlidir ki? Ümumiyyətlə, futbolçunun özü əvəzlənməyini istəyirsə, nəyə etiraz edə bilər? Hetta özü istəmədən əvəzlənsəydi belə, heç vaxt problem ola bilməzdi. Asif bu mövsum bütün oyunlarda əvəzlənib və heç birində gərginlik baş verməyib. Heç kim bu barədə narahat olmasın".

Qeyd edək ki, Asif Məmmədov 1:1 hesabı ilə başa çatmış matçın 74-cü dəqiqəsində Ehtiram Şahverdiyevlə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi