"Qəbələ"nin baş məşqçisi toplanışı dəyərləndirdi

"Qəbələ"nin baş məşqçisi toplanışı dəyərləndirdi “Toplanışda komandanın həm fiziki, həm də texniki-taktiki durumu, ən əsası, xətlərarası əlaqənin daha da yaxşılaşdırılması üzərində işlədik"
Futbol
13 Yanvar , 2021 13:45
Qəbələnin baş məşqçisi toplanışı dəyərləndirdi
Elmar Baxşıyev

"Burada təlim-məşq toplanışı üçün hər bir şərait var. Antalyadan yeganə fərqi yoxlama matçlarının keçirilməsi üçün rəqiblərin yoxluğudur. Komanda istirahətdə az müddət keçirdiyindən sınaq matçlarının baş tutmaması problem olmamalıdır".

"Report" xəbər verir ki, bunu "Qəbələ" futbol komandasının baş məşqçisi Elmar Baxşıyev mövsümün ikinci hissəsinin hazırlıq prosesi barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis bildirib ki, toplanışın Qəbələdəki birinci mərhələsində futbolçular üzərinə düşən işləri səylə yerinə yetiriblər: "Onların işə yanaşması məşqçilər korpusunu sevindirir. Toplanışda komandanın həm fiziki, həm də texniki-taktiki durumu, ən əsası, xətlərarası əlaqənin daha da yaxşılaşdırılması üzərində işlədik. Akademiyanın 4 futbolçusu hazırlıq dövründə bizə qoşulmuşdu. Onların hamısı potensiala malikdir. Bu oyunçulardan bəzilərinin daim bizimlə qalması və əsas komanda ilə davam etməsini planlaşdırırıq”.

Baş məşqçi hazırlıq prosesinin Bakıda gerçəkləşəcək ikinci hissəsi barədə də danışıb: “Yanvarın 14-də “Sumqayıt”la yoxlama görüşü keçirəcəyik. Bu matçdan sonra bir həftəlik hazırlıq prosesi baş tutacaq. Bu mikrotsikl ilə “Zirə”yə qarşı oyunun hazırlıqlarına başlayacağıq”.

Qeyd edək ki, "Qəbələ" mövsümün ilk yarısını 13 oyundan 15 xalla 5-ci pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi