"Bizi ağır oyun gözlədiyini bilirdik. "Sumqayıt" təşkilatlanmış, meydançada öz dəst-xətti ilə seçilən komandadır. Matça yaxşı başlamasaq da, ikinci hissədə toparlandıq. Əzmkarlıq göstərərək, layiqli qələbə qazandıq".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XI tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis oyunda iki fərqli hissə izlədiyini bildirib: "Bu, gözlənilirdi. Millinin oyunları ilə əlaqədar fasilə yaranmışdı və yoxlama görüşü də keçirməmişdik. Heyət olaraq sıxıntımız var idi, zədəlilərimiz çox idi. Oyun planında çətinlik çəkəcəyimizi bilirdik. Amma komanda getdikcə öz oyununu qaytara bildi".
Baxşıyev əvəzetmədən meydana daxil olaraq qol vuran Ülvi İsgəndərlinin çıxına da toxunub: "Ülvi start heyətində oynayanda da effektini görürük. Sadəcə belə alınır ki, ehtiyatdan meydana daxil olanda qollar vurur. Potensialı yüksək hücumçudur. Daha yaxşı ola bilər".
Baş məşqçi hazırkı heyətin gücləndirilməli olduğunu vurğulayıb: "Bu komandanı formalaşdıranda da elə futbolçulara sahib olmuşuq ki, hamısının xarakteri yüksəkdir. Əlbəttə, heyət daha da güclənməli, genişlənməlidir. Hər şey büdcədən asılıdır. İmkan yaranarsa, yeni oyunçuların bizə qoşulmasını istəyərdim".