"Düşündüyümüz o idi ki, komanda yüklənmə altında oynasın".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Çexiyanın "Bohemians" komandasına 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
42 yaşlı mütəxəssis ikinci oyundakı yüklənmədən sonra futbolçularda dinamikliyin aşağı səviyyədə olduğunu bildirib: "Belə çətin oyun olacağını gözləyirdik. Sevindiricidir ki, komanda yüklənmiş dönəmdə də verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışırdı".
Baxşıyev bu gün başa çatan hazırlıq prosesini də dəyərləndirib: “Ümumi götürəndə toplanışdan razı qaldım. Əlbəttə, çatışmayan cəhətlər var. İnanıram ki, bu çatışmazlıqları da aradan qaldıracağıq. Komanda kimi heç iki həftə deyil ki, bir yerdəyik. İnanıram ki, günü-gündən optimal formaya yaxınlaşacağıq".
Baş məşqçi Çexiya klubu ilə matçda rotasiya etdiklərini söyləyib: "Daha çox gənclərə şans verdik. Bu oyun gənclər üçün təcrübə olacaq. “Sumqayıt”la kubok matçına 9 gün var. Bərpa prosesini tam keçib vətənə dönəndən sonra bütün düşüncə həmin qarşılaşma ilə bağlı olacaq”.