"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda növbəti oyununu keçirib. "Report"un Türkiyənin İstanbul şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, Ağdam təmsilçisi II turda İspaniya "Vilyarreal"ını qəbul edib.
Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar "Başakşehir Fatih Terim" stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hər iki komanda oyuna itkilərlə çıxıb. Azərbaycan çempionunun heyətində kapitan Maksim Medvedev, Bədavi Hüseynov və Mahir Emreli zədə səbəbindən əsas heyətdə yer almayıb. Medvedevin yoxluğunda "köhlən atlar"ı meydana kapitan kimi Qara Qarayev çıxarıb. La Liqa təmsilçisində isə Jerar Moreno, Alberto Moreno, Dani Parexo və Pervis Estupinyan zədəli olduqlarından oyunu buraxıblar.
Matça gəlincə, birinci hissədə ilk təhlükəli vəziyyəti qonaqlar yaradıblar. 17-ci dəqiqədə künc zərbəsindən ötürülən topu Ruben Penya başla qapıya göndərmək istəsə də, dirək qola mane olub. 32-ci dəqiqədə isə Mani Trigerosun standart vəziyyətdən vurduğu topu Şahruddin Məhəmmədəliyev çətinliklə dəf edib. İlk hissədə hesab açılmayıb.
İkinci yarıya da fəal başlayan "Vilyarreal" 53-cü dəqiqədə hesabı açmağa yaxın olub. Sol cinahdan qapıçı ilə üzbəüz qalan Samuel Çukvuezenin fərqlənməsinə yenə də Məhəmmədəliyev imkan verməyib. 6 dəqiqə sonra "Qarabağ"ın qolkiperi bu dəfə Takefusa Kubanın qüvvətli zərbəsini qarşısını alıb. 62-ci dəqiqədə Çukvueza növbəti dəfə diqqət mərkəzinə düşüb. Sol cinahdan yerlə ötürməni saxlamadan qapıya göndərən nigeriyalı vingerin sevinməsinə Kevin Medina mane olub. 69-cu dəqiqədə Xayme Kostanın zərbəsi qapı torunu yandan silkələyib.
"Qarabağ" 2-ci yarıda ilk qol epizodunu 76-cı dəqiqədə yaxalayıb. Cərimə meydançasının qarşısında topu qəbul edən Uroş Matiçin zərbəsində azacıq dəqiqlik çatmayıb. Cəmi 2 dəqiqə sonra isə Qurban Qurbanovun başçılıq etdiyi komanda hesabı açıb. Patrik Andradenin ideal ötürməsindən sonra Kvabena Ovusu fərqlənib. Lakin "Qarabağ"ın qol sevinci 2 dəqiqə çəkib. 80-ci dəqiqədə Yeremi Pino tarazlığı bərpa edib. 84-cü dəqiqədə isə ikinci hissədə meydana daxil olan Pako Alkaser komandasını hesabda önə keçirib. Matçda son nöqtəni də Alkaser qoyub. 90+6-cı dəqiqədə penaltidən fərqlənən forvard yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 6-ya çatdıran "Vilyarreal" liderliyini möhkəmlədib. Xalsız "Qarabağ" isə 4-cü pilləyə enib.
UEFA Avropa Liqasının I qrupunun II turunun "Qarabağ" - "Vilyarreal" matçında 3-cü qol vurulub.
"Report"un İstanbula ezam olunmuş əməkdaşı xəbər verir ki, 84-cü dəqiqədə qonaqların futbolçusu Pako Alkaser Ağdam klubunu cəzalandırıb.
UEFA Avropa Liqasının I qrupunun II turunun "Qarabağ" - "Vilyarreal" matçında hesab dəyişib.
"Report"un İstanbula ezam olunmuş əməkdaşı xəbər verir ki, 80-ci dəqiqədə qonaqların futbolçusu Yeremi Pino tarazlığı bərpa edib.
UEFA Avropa Liqasının I qrupunun II turunun "Qarabağ" - "Vilyarreal" matçında hesab açılıb.
"Report"un İstanbula ezam olunmuş əməkdaşı xəbər verir ki, "Qarabağ"ın heyətində Kvabena Ovusu 78-ci dəqiqədə fərqlənib.
UEFA Avropa Liqasının I qrupunun II turunun "Qarabağ" - "Vilyarreal" matçında 2-ci hissə start götürüb.
"Report"un İstanbula ezam olunmuş əməkdaşı xəbər verir ki, ilk 45 dəqiqədən sonra hesab 0:0-dır.
UEFA Avropa Liqasının I qrupunun II turunun "Qarabağ" - "Vilyarreal" oyununda ilk hissə başa çatıb.
"Report"un İstanbula ezam olunmuş əməkdaşının məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
"Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı start götürüb.
"Report"un məlumatına görə, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçirilir.